Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiya, ABŞ və Çin arasındakı münasibətlər, eləcə də Alyaska sammitinin nəticələri barədə geniş bəyanatlarla çıxış edib. Nazir xüsusilə Rusiya və ABŞ prezidentləri arasındakı münasibətlərin "ruhu"nun hər zaman dostluq, yoldaşlıq və qarşılıqlı hörmət üzərində qurulduğunu vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, Lavrovun sözlərinə görə, tərəflər arasında Alyaskada keçirilən görüşdə təkcə bu müsbət atmosfer deyil, həm də Ukrayna ilə bağlı müəyyən konkret razılaşmalar əldə olunub. Lakin o qeyd edib ki, Ukrayna münaqişəsinin nizamlanmasında hələ də detallı araşdırma tələb edən çoxlu suallar qalmaqdadır və bu məsələlərin öyrənilməsi yalnız Rusiya ilə ABŞ arasında Alyaskada bağlanmış razılaşmaların tam təsdiqindən sonra mümkün olacaq.
Nazir həmçinin bildirib ki, Ankoric sammitindən sonra Ukrayna və Avropa rəsmi Vaşinqtonun sülh prosesi ilə bağlı mövqeyini dəyişməsi üçün əllərindən gələni edirlər. Rusiya isə öz növbəsində həm Çin, həm də ABŞ ilə münasibətlərini qurarkən "parçala və hökm sür" prinsipindən istifadə edilən oyunlarda heç vaxt iştirak etməyəcək. Lavrov Rusiya-Çin münasibətlərinin ənənəvi hərbi-siyasi ittifaqlardan qat-qat möhkəm olduğunu və bu "yeni tip" əlaqələrin dünya siyasətini stabilləşdirən əsas faktor olduğunu vurğulayıb. O əlavə edib ki, əgər ABŞ və Çin Amerika enerji daşıyıcılarının tədarükü barədə razılığa gəlsələr, Rusiya buna yalnız şad olar. Çıxışının sonunda xarici işlər naziri Hindistanla münasibətlərə də toxunaraq, Baş nazir Narendra Modinin 2026-cı ildə Rusiyaya səfərinin planlaşdırıldığını və tərəflərin hazırda bu vizit üzərində işlədiyini bəyan edib.
Sara,












