Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov region rəhbərliyinə keçiriləcək növbəti seçkilərdə namizəd kimi qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə respublika Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Çeçenistan Respublikasının Seçki Komissiyası 'Vahid Rusiya' Ümumrusiya Siyasi Partiyasının Çeçenistan regional bölməsi tərəfindən namizədliyi irəli sürülmüş Rusiya Qəhrəmanı Ramzan Əhmədoviç Kadırovu Çeçenistan Respublikasının Rəhbəri vəzifəsinə namizəd kimi qeydə alıb”, – deyə Komissiyanın bəyanatında deyilir.
Qeyd olunub ki, Kadırov sentyabrda keçiriləcək seçkilərdə iştirak etmək üçün tələb olunan sənədləri iyul ayında təqdim etmişdi.
Məlumat üçün bildirək ki, Kadırov ilk dəfə 5 aprel 2007-ci ildə Çeçenistan Prezidenti vəzifəsinə başlayıb. Sonuncu seçkilər 2021-ci ildə baş tutub və Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 99,7%-i onun lehinə səs verib. Növbəti seçkilər vahid səsvermə günü olan 20 sentyabr 2026-cı il tarixinə təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Kadırov Çeçenistan rəhbəri seçkilərinə “məcburi şəkildə” qatıldığını bəyan etmişdi.











