Çin pilotsuz uçuş aparatlarının (PUA) əsas komponentlərin və onlarla əlaqəli texnologiyaların Birləşmiş Ştatlara tədarükünə nəzarəti gücləndirib.
NOCOMMENT.az xəbər verir ki, yeni qaydalar ÇXR-in Ticarət Nazirliyi tərəfindən elan edilib.
İndi Çinin ikili təyinatlı mallar siyahısına daxil edilmiş məhsulların ABŞ-a ixracı hər biri ayrı halda ciddi yoxlamadan keçəcək. Belə tədarüklər üçün icazələrin verilməsinin sadələşdirilmiş qaydası tətbiq edilməyəcək.
Eyni zamanda Pekin "Applied DNA Sciences", "Stratum Reservoir", "Altana Technologies", "Responsible Business Alliance", "Verite Group" və "Human Rights in China" şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib. Çin tərəfi bu təşkilatları ABŞ-ın ÇXR şirkətlərinə qarşı tədbirlərinə yardım etməkdə ittiham edib.
"Compliance Testing LLC" ilə bağlı ayrıca tədbirlər görülüb. Çin ərazisindəki təşkilatlara və vətəndaşlara bu şirkətlə əqdlər bağlamaq, əməkdaşlıq etmək və digər əlaqəli fəaliyyət həyata keçirmək qadağan edilib. Pekin şirkətin ABŞ Federal Rabitə Komissiyasına Çin tərəfinə qarşı məhdudiyyətlər tətbiq etməkdə kömək etdiyini bəyan edib.
"Financial Times" qəzetinin məlumatına görə, Çin dünya pilotsuz uçuş aparatları bazarında aparıcı mövqe tutur. "DJI", "Autel Robotics" və "XAG" istehsalçıları Birləşmiş Ştatlarda əhəmiyyətli satış həcmlərini qoruyub saxlayırlar.
Yeni tədbirlər Amerika hakimiyyətinin Çin məhsullarına qarşı məhdudiyyətləri genişləndirməsindən sonra həyata keçirilib. Məcburi əməyin qarşısının alınması haqqında qanun çərçivəsində mallarının ABŞ-a idxalı qadağan edilən təşkilatların siyahısına daha 43 Çin şirkəti əlavə edilib.
Siyahıya alüminium, mis, pambıq, tikiş, pomidor və emal sənayesi müəssisələri daxil edilib. Amerika tərəfi iddia edir ki, onların fəaliyyəti Sincanda məcburi əməyin istifadəsi ilə əlaqəli ola bilər.











