Azərbaycanlı biznesmenlərə Rusiyada ŞOK TƏLƏB

Azərbaycanlı biznesmenlərə Rusiyada ŞOK TƏLƏB

Ukraynada davam edən uzunmüddətli və dağıdıcı müharibə fonunda xarici sanksiyaların və hərbi xərclərin təzyiqi altında sıxışan Rusiya Federasiyası, daxili iqtisadi boşluqları doldurmaq üçün getdikcə daha aqressiv və rekvizisiya xarakterli üsullara əl atır. Kremlin hərbi maşınını maliyyələşdirmək məqsədilə ölkədə fəaliyyət göstərən iş adamlarının, xüsusən də etnik azlıqları təmsil edən sahibkarların vəsaitlərinin bir hissəsini məcburi şəkildə orduya yönəltməsi barədə xəbərlər artıq beynəlxalq hesabatlarda və mediada rəsmən təsdiqini tapmaqdadır. Professor Fikrət Yusifov mövzu ilə bağlı maraqlı bir faktı açıqlayıb. Professorun sözlərinə görə, şəxsən tanıdığı iki nəfər böyük azərbaycanlı sahibkar Rusiyadakı iqtisadi və biznes mühitinin kəskin pisləşdiyini, mülkiyyət toxunulmazlığının tamamilə itdiyini görərək öz kapitallarını çıxarmaq və Azərbaycana genişmiqyaslı investisiya qoymaq qərarına gəliblər. Lakin Rusiyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək həmin azərbaycanlı biznesmenləri kəskin şəkildə sıxışdırıb, onların yaxın ailə üzvlərini polis idarələrinə apararaq total təhdid, şantaj və təzyiq yolu ilə qazandıqları maliyyə vəsaitinin böyük bir hissəsini Rusiyanın müharibə xərclərinə, yəni ordu fondlarına köçürməyə məcbur ediblər.

Rusiyanın daxili bazarındakı bu acınacaqlı və qorxulu vəziyyəti təkcə kənar müşahidəçilər deyil, ölkənin daxilindəki ən böyük rusiyalı oliqarxlar da etiraf edirlər. Rusiyalı milyarder, “Rusal” nəhəng alüminium şirkətinin təsisçisi Oleq Deripaska Rusiya mediasında yayımlanan bəyanatında Mərkəzi Bankın yürütdüyü süni məzənnə siyasəti nəticəsində Rusiya rublunun həddindən artıq və qeyri-təbii şəkildə möhkəmlənməsinin yerli sənayeyə və ixraca sarsıdıcı zərbə vurduğunu bildilib. Deripaska xəbərdarlıq edib ki, əmək bazarında yaranan bu dərin böhran ucbatından yaxın gələcəkdə rusiyalılar 3 milyon iş yerindən tamamilə məhrum olacaqlar. İqtisadi tənəzzülün və hüquqi xaosun bu cür pik həddə çatması, Rusiyada milyardlarla dollarlıq dövriyyəsi olan minlərlə digər azərbaycanlı iş adamının da eyni taleyi yaşayacağını və Kremlin növbəti hədəfinə çevriləcəyini qaçılmaz edir. Bu təhlükəli tendensiya fonunda azərbaycanlı sahibkarların öz kapitallarını və canlarını xilas etmək üçün kütləvi şəkildə tarixi vətənlərinə — Azərbaycana axın etməsi ehtimalı olduqca yüksək qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Kərim Əliəkbəroğlu qeyd edib ki, Rusiyada azərbaycanlı iş adamlarına qarşı tətbiq edilən bu "hərbi xərac" metodu Kremlin daxili maliyyə qaynaklarının tükənmək üzrə olduğunun göstərən bariz bir acizlik nümunəsidir: "Ukraynadakı müharibə Rusiyanın daxili büdcəsini tam mənada udur və Qərbin tətbiq etdiyi kəskin sanksiyalar fonunda rəsmi Moskva hərbi xərcləri ödəmək üçün daxili biznesi soymaq yolunu seçib. Fikrət Yusifovun açıqladığı fakt tək bir hadisə deyil, bu, dövlət səviyyəsində idarə olunan sistemli bir şantaj mexanizmidir. Xüsusilə Rusiya Federasiyasında fəaliyyət göstərən, lakarativ sahələrə nəzarət edən qeyri-rus, o cümlədən azərbaycanlı iş adamları hazırda xüsusi xidmət orqanlarının birbaşa nəzarəti altındadır. Onların kapitallarını ölkədən çıxarmaq, xüsusən də son dövrlər cəlbedici investisiya mərkəzinə çevrilən Azərbaycana daşımaq cəhdlərinin qarşısı dərhal yaxınlarının həbsi və bizneslərinin müsadirə olunma hədəsi ilə kəsilir. Dövlət faktiki olaraq sahibkarlara 'ya pulunu ordunun büdcəsinə verib burada qalırsan, ya da hər şeyini itirirsən' şərtini qoyur".

Ekspertin sözlərinə görə, bu dözülməz təzyiqlər və Oleq Deripaskanın da anons etdiyi 3 milyonluq iş yeri itkisi qaçılmaz olaraq yaxın aylarda azərbaycanlı milyarder və milyonçuların ölkəmizə kütləvi kapital axınını stimullaşdıracaq: "Rusiya rublunun süni möhkəmlənməsi və iqtisadiyyatın tamamilə hərbi relslər üzərinə keçməsi biznesin gələcək inkişaf perspektivlərini sıfırlayıb. Belə bir rəqabətsiz və qorxu mühitində heç bir azərbaycanlı sahibkar uzun müddət qala biləməz. Azərbaycan dövləti, xüsusən də İqtisadiyyat Nazirliyi bu gedişatı çox peşəkarlıqla qiymətləndirməlidir. Rusiyadan qaçmaq məcburiyyətində qalan azərbaycanlı iş adamlarının kapitallarının digər xarici ölkələrə, ofşor zonalara deyil, birbaşa Azərbaycana gətirilməsi üçün ölkəmizdə dərhal əlverişli, liberal və təhlükəsiz şərait yaranmalıdır. Onların qeyri-neft sektoruna, kənd təsərrüfatına və azad edilmiş Qarabağ, Şərqi Zəngəzur bölgələrindəki yenidənqurma layihələrinə investisiya qoymaları üçün xüsusi vergi və gömrük təşviqləri formalaşdırılmalıdır. Əgər rəsmi Bakı bu çevik investisiya siyasətini qura bilsə, Rusiyadakı bu amansız sıxışdırma və rekvizisiya siyasəti, paradoksal olaraq Azərbaycan iqtisadiyyatının və sənayesinin milyardlarla dollarlıq yeni yerli kapitalla sürətli yüksəlişinə böyük təkan verəcəkdir", - deyə siyasi ekspert yekunlaşdırıb.

Tunar
NOCOMMENT.az