Azərbaycanda ŞOK TƏLƏB - Çiyələk yetişdirənlər niyə həbs edilməlidir?

Azərbaycanda ŞOK TƏLƏB - Çiyələk yetişdirənlər niyə həbs edilməlidir?

Azərbaycanda çiyələk mövsümünün ən qızğın dövrü yaşansa da, bazarlardakı məhsulların keyfiyyəti və insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə son illər çiyələyin yetişdirilməsində həddindən artıq kimyəvi preparatlardan, hormonlardan və inkişafı sürətləndirən maddələrdən istifadə edildiyi barədə iddialar əhalini təşvişə salır. İstehlakçılar mağaza rəflərində gördükləri hədsiz iri, parlaq və günlərlə xarab olmayan çiyələklərin təbiiliyini şübhə altına alırlar. Mütəxəssislərin fikrincə, məhsuldarlığı artırmaq və satış müddətini uzatmaq üçün tətbiq olunan onlarla növ aqrokimyəvi maddə, yol verilən normaları aşdıqda birbaşa zəhərə çevrilir. Bu vəziyyət təkcə qida təhlükəsizliyi məsələsi deyil, həm də vicdansız istehsalçıların hüquqi məsuliyyəti məsələsini gündəmə gətirir. İnsan həyatını riskə atan bu cür fəaliyyətlərin qarşısının alınması üçün daha sərt nəzarət mexanizmlərinin və cəza tədbirlərinin tətbiqi cəmiyyət tərəfindən tələb olunur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, əhalinin sağlamlığını təhlükəyə atan qida istehsalçıları üçün qanunvericilikdə kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulub:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən, qida məhsullarının istehsalı zamanı sanitariya-gigiyena normalarının pozulması, qadağan olunmuş kimyəvi maddələrdən istifadə edilməsi və ya normadan artıq pestisid tətbiqi ağır məsuliyyət yaradır. Əgər bu fəaliyyət kütləvi zəhərlənməyə və ya insan sağlamlığına ciddi zərər vurulmasına səbəb olarsa, həmin fermerlər və sahibkarlar üçün azadlıqdan məhrum etməyə qədər gedib çıxan cinayət məsuliyyəti qaçılmazdır. Qanun qarşısında heç kimin imtiyazı yoxdur və qazanc naminə insanların həyatını riskə atan hər bir şəxs daxili qanunvericiliyin ən sərt üzü ilə qarşılaşmalıdır".

Onun sözlərinə görə, nəzarət mexanizmləri həm istehsal, həm də satış mərhələsində gücləndirilməlidir: "Yalnız AQTA-nın yoxlamaları ilə kifayətlənmək olmaz, həm də ictimai nəzarət və məhkəmə presedentləri yaradılmalıdır. İstehlakçı bilməlidir ki, aldığı çiyələkdən zəhərlənirsə və ya məhsulun tərkibindəki kimyəvi maddələr laboratoriya tərəfindən təsdiqlənirsə, o, həmin müəssisəni məhkəməyə verərək həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edə bilər. 'Çiyələk yetişdirənlər həbs olunsun' çağırışı əslində bir hüquqi tələbdir; çünki zəhərli maddələrlə məhsul yetişdirib satışa çıxarmaq mahiyyət etibarilə qəsdən sağlamlığa zərər vurma cinayətinə bərabər tutulmalıdır. Bu sahədə cəzasızlıq mühiti aradan qalxmalı, hər bir plantasiya sahibi istifadə etdiyi hər bir qram dərmanın hüquqi məsuliyyətini dərk etməlidir".