“Bravo” basqını – Sabiq polis rəisi cinayətin detallarını açırbackend

“Bravo” basqını – Sabiq polis rəisi cinayətin detallarını açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 4-də Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketinə silahlı basqın bütün ölkədə narahatlıqla qarşılandı. Azərbaycan polisinin çevik reaksiyası sayəsində məsələ həll edilsə də, hadisəni terror aktı, Azərbaycana gözdağı kimi qiymətləndirənlər də var.

Bəs bu hücumla bağlı həqiqət nədir? Planlanmış soyğun, yoxsa terror hücumu?

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, əməliyyatın detallarını şərh edən Azərbaycan Respublikası “Polisə Dəstək” İctimai Birliyinin sədri, təhlükəsizlik eksperti Şəmsəddin Əliyev bunun planlaşdırılmış bir cinayət olduğunu qeyd edib:

“Bu gün Azərbaycanda mövcud olan sabitlik, təhlükəsizlik ictimai qaydalara uyğunluğun təmin edilməsi, dövlətin konstitusion quruluşunun müdafiəsi bizə qısqanclıqla yanaşan bəzi ölkələrin xoşuna gəlmir. Amma bu hadisə mütəşəkkil cinayətkar dəstənin planlaşdırdığı və öncədən nəticələrini düşündüyü xüsusi ağır cinayətdir. Yəni sıravi insan belə bir cinayətin iştirakçısına çevrilməz, buna sövq edilməz. Bu basqın öncədən planlaşdırılmış, hücumu həyata keçirəcək şəxslər öyrədilib hazırlanmışdı.

Ola bilsin ki, bunun arxasında müəyyən qüvvələr dayanır. Amma istintaqın davam etdiyi müddətdə bu, sadəcə bir ehtimaldır. Yəni araşdırmanın nəticəsi açıqlanmadan bu kimi iddiaları sosial şəbəkələrdə paylaşmaq istintaqın gedişinə mənfi təsir edə bilər”.

Ekspert bildirib ki, məkanın mərkəz xaricində seçilməsi də kriminal aləmə məxsus xüsusiyyətdir:

“Düşündürücü başqa bir məqam isə məkan olaraq Xətai rayonu ərazisinin seçilməsidir. Niyə paytaxtın mərkəzi hissələrindən biri deyil, məhz Xətai rayonu? Bu kriminal aləm üçün xarakterik cəhətdir. Onlar istəmirdilər ki, səs-küy çox olsun, planı rahat şəkildə icra etməyə çalışırdılar. Bu cinayətin iştirakçıları beləliklə öz “peşəkarlıqlarını” nümayiş etdirə biləcəklərini düşündülər. Amma Azərbaycan polisi çevik və lazımı rekasiyası ilə peşəkarlıq nümunəsi göstərdi. Basqın zamanı cinayətkarlarla bağlı heç bir məlumatın olmamasına rəğmən, polis 2 saat ərzində onların şəxsiyyətini müəyyən edərək izinə düşdü. Yəni çox qısa bir zamanda basqında iştirak edənlər ifşa olundular.

Şəmsəddin Əliyev

Buna baxmayaraq, sosial şəbəkələrdə polisin fəaliyyətinə rişxəndlə yanaşayanlar, bunu polisin borcu adlandıraraq peşəkarlığını görməzdən gələnlər də var. O insanlar cəmiyyətə təhlükəsizlyin təminatı, cinayətlərin qarşısının alınmasında hansı rola sahibdirlər, yaxud nə kimi fayda veriblər? Düşünürəm ki, bu cinayətin açılması polis və cəmiyyət arasında sıx bağlılıq yaratdı. Zamanla cəmiyyət və polis arasındakı münasibətlər normal məcraya yönəlir. Cinayətkarlarla bağlı operativ şəkildə polisə ötürülən məlumatlar da bu baxımdan vacib rol oynadı. Nəticədə cinayətkar qrup ifşa edildi və zərərsizləşdirildi”.

Ş.Əliyev cinayətkarların zərərsizləşdirilməsi zamanı polisin silahdan istifadə məsələsinə aydınlıq gətirib:

“Cinayətkarların zərərsizləşdirilməsi zamanı polisin silahdan istifadə etməsinə irad tutulur. Amma bu, “Polis haqqında” Qanunda və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ilə tənzimlənir. Həm də artıq hadisənin əvvəlində polislə silahlı insident yaşanmışdı. Həmin an silahı buraxmaqla bağlı çağırışa cavab verilmədiyi üçün başqa yol mümkün deyildi. Polisə qarşı silahlı müqavimət onun öz silahından istifadəsi üçün zərurət yaradır. Düşünürəm ki, əməliyyat prosesi vahid mərkəzdən idarə olunduğu üçün daha səmərəli nəticə verdi. Mərkəzdən dəqiq hesablanmış tapşırıqların verilməsi, bu tapşırıqların zərgər incəliyi ilə yoxlanılıb ötürülməsi cinayətkar birliyin ifşası ilə nəticələndi. Bu əməliyyatda polislərə sadəcə təşəkkür düşür”.