Moldovanın xarici işlər naziri Mixay Popşoyun Rumıniya ilə birləşmə ehtimalı barədə səsləndirdiyi fikirlər, Şərqi Avropanın geosiyasi xəritəsində yeni və kəskin dəyişikliklərin baş verə biləcəyinə dair müzakirələri yenidən alovlandırıb. Nazir öz şəxsi və siyasi mövqeyində bu unifikasiya (birləşmə) ideyasına tam müsbət yanaşdığını ifadə edib. Özünün də Rumıniya vətəndaşı olduğunu xatırladan XİN rəhbəri, belə bir tarixi təşəbbüs irəli sürülərsə, şəxsən bunun əleyhinə çıxmayacağını qətiyyətlə vurğulayıb. Bununla belə, Popşoy rəsmi dövlət xətti olaraq bu məsələdə yekun və həlledici qərarın birbaşa Moldova vətəndaşlarının ümumi iradəsindən və keçirilə biləcək referendumun nəticələrindən asılı olduğunu da diqqətə çatdırıb. Bu bəyanat Kişinyovun son dövrlər apardığı sürətli qərbpərəst xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilir.
Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Turan Rzayev deyib ki, Moldovanın Rumıniyaya birləşməsi məsələsi xüsusilə son zamanlar regional gərginliklər fonunda intensiv xarakter alıb: "Rəsmi Kişinyovun Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etmək qərarından sonra inteqrasiya prosesinin bu müstəvidə daha da sürətlənəcəyi gözlənilirdi. Üstəlik, bu birləşmək istəyi birtərəfli deyil, hər iki dövlətin ali rəhbərliyi səviyyəsində dəstəklənir. Məsələn, yanvarın 12-də Moldova Prezidenti Maia Sandu ölkəsinin Rumıniyaya qoşulmasını açıq şəkildə müdafiə etdiyini bildirib. Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak isə Buxarestin bu barədə rəsmi danışıqlara başlamağa tam hazır olduqlarını qeyd edib. Son olaraq Rumıniya Prezidenti Nicușor Dan bəyan etdi ki, əgər Moldova cəmiyyəti iki qardaş ölkənin vahid dövlətdə birləşməsinə yaşıl işıq yandırarsa, Buxarest bu mürəkkəb prosesi dərhal müzakirə etməyə və həyata keçirməyə hazırdır".
Politioloqun sözlərinə görə, Moldova faktiki olaraq Transilvaniya və Valaxiya ilə birlikdə tarixi rumın torpaqlarının ayrılmaz bir parçasıdır və bu gün irəli sürülən ideya güclü tarixi kontekstə əsaslanır: "Rumıniya dövləti rəsmi olaraq 1859-cu ildə Valaxiya və Moldaviya knyazlıqlarının birləşməsi ilə qurulub. Sonrakı mürəkkəb tarixi-siyasi proseslərdə Transilvaniya da Rumıniyanın tərkibinə daxil olsa da, Moldova fərqli imperiyaların və SSRİ-nin təsiri nəticəsində ayrı, müstəqil dövlət kimi qalmalı oldu. Bu mənada, hazırda reallaşdırılmasına cəhd edilən unifikasiya prosesi hər iki tərəfdən tarixi ədalətin bərpası kimi təqdim olunur. Görünən odur ki, qlobal güclərin də dəstəyi ilə bu birləşmə artıq qarşısıalınmaz bir geosiyasi proses formasına salınır".
Ekspert vurğulayıb ki, bu regional birləşmə planlarından ciddi şəkildə narahat olan və buna qarşı kəskin müqavimət nümayiş etdirən daxili qüvvələr də mövcuddur: "Söhbət Moldovanın tərkibində muxtar statusa malik olan və orada yaşayan qaqauzlardan gedir. Türk mənşəlli qaqauzlar daxili rəy sorğularında da Rumıniyaya birləşməyin qəti əleyhinə olduqlarını bəyan edirlər. Onlar haqlı olaraq hesab edirlər ki, rəsmi Buxarestin birbaşa idarəçiliyinə keçmək qaqauzların zamanla sürətlə assimilyasiyasına, muxtariyyət hüquqlarının itirilməsinə və milli kimliklərinin tamamilə silinməsinə səbəb ola bilər. Mövcud vəziyyətdən və mərkəzi hökumətin təzyiqlərindən asılı olaraq qaqauzlar, saylarının az olmasına baxmayaraq, öz milli varlıqlarını qorumaq üçün Kişinyova qarşı ciddi siyasi, hətta fiziki müqavimətə də qalxa bilərlər ki, bu da Moldovanı daxildən parçalaya biləcək böyük bir təhlükədir", - deyə politoloq yekunlaşdırıb.
Tunar,












