Abdullah Öcalan azadlığa çıxır?

Abdullah Öcalan azadlığa çıxır?

Türkiyə parlamenti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlıları üçün məhdud və şərti əfv qərarı verən qanunu təsdiqləyib.

Parlamentin 468 üzvü qərarın lehinə, 88-i əleyhinə səs verib, altısı isə bitərəf qalıb.

NOCOMMENT.az xəbər verir ki, qanunda 27 ildir həbsdə olan PKK-nın qurucusu Abdullah Öcalanın taleyi ilə bağlı heç bir müddəa yoxdur. Türkiyə həbsxanalarında saxlanılan təxminən 10.000 keçmiş PKK tərəfdarından təxminən 3500-ü ilk mərhələdə azadlığa buraxıla bilər. Lakin müddəalar yalnız təhlükəsizlik orqanları PKK və onunla əlaqəli qüvvələrin ləğvini, eləcə də silahların təhvil verilməsini təsdiqlədikdən sonra tətbiq oluna bilər.

Azərbaycanlı tələbələrin "PKK-a qoşulması" araşdırılır - BBC News Azərbaycanca

PKK bəyan edib ki, Abdullah Öcalan azad edilmədikcə qanunun bir çox müddəaları qüvvədə olmayacaq. 1984-cü ildən bəri PKK ilə Türkiyə ordusu arasında gedən döyüşlərdə ən azı 50.000 insan həlak olub. 2013-cü ildə atəşkəs elan edilib, lakin sülh prosesi 2015-ci ilin yayında dayandırılıb. 2025-ci ilin fevral ayında Türkiyənin İmralı adasında həbs cəzası çəkən Öcalan təşkilatı silahlarını yerə qoymağa və dağılmağa çağırıb. Üç ay sonra PKK rəhbərliyi partiyanın dağıldığını və Türkiyə dövlətinə qarşı uzun müddətdir davam edən silahlı mübarizəsinin bitdiyini elan edib.

Silahsızlaşdırma prosesi iyul ayında başlayıb və oktyabrın sonunda PKK silahlı qüvvələrinin Türkiyədən, 2025-ci ilin noyabrında isə İraqın şimalındakı sərhəd bölgəsindən çıxarıldığını elan edib. Qeyd edək ki, Öcalanın azadlığa çıxacağı ilə bağlı rəsmi qərar yoxdur. Türkiyə siyasətində bəzi siyasi xadimlərin təklifləri və müzakirələri olsa da, onun azadlığa buraxılması barədə dövlət qurumlarından təsdiqlənmiş rəsmi məlumat verilməyib.

Image


Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Öcalanın ev dustaqlığına buraxılması mümkündür, amma PKK-nın tam tərksilah olunması prosesi başa çatmalıdır. Analitikin şərhinə görə, PKK regionda əhəmiyyətini itirimiş bir terror təşkilatıdır və bundan sonra baş qaldırmasının perspektivi yoxdur: “Amma sonuncu üzvü də silah-sursatını təhvil verməli, bölgədə bütün təhdid və risklər aradan qaldırılmalı, Qəndildə kampları ləğv edilməli, bir sözlə, demilitarzasiya və demontaj həyata keçirilməlidir. Öcalan yalnız bundan sonra ev dustaqlığına çıxa bilər”.

Təhlilçi əlavə edib ki, tərksilah davam edir və zaman tələb olunan məsələdir: “Ancaq sinxron şəkildə PKK üzvlərinin bir qisminin həbsdən buraxılması, cəmiyyətə adaptasiyası, iş təminatı mümkündür. Bunun üçün təsnifatlaşdırmaya ehtiyac var. Onların arasında ağır cinayət törədənlər də var, silahı götürüb PKK-ya qoşulan, amma terror aktında iştirak etməyənlər də var. Yəni mərhələli şəkildə, cinayətin dərəcəsinə uyğun olaraq əfv prosesi həyata keçiriləcək. Öcalan isə azadlıqda ölmək istəyirsə, PKK-çıların daha sürətli tərksilah olunmasına çağırış etməlidir”.\\musavat.com