"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yaranmış problem artıq təkcə qiymət siyasəti ilə məhdudlaşmır. Qurumun bilet satışı platformasında yaşanan ciddi axsamalar və qiymət fərqləri cəmiyyətdə böyük narazılığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü Osman Gündüz deyib. Onun sözlərinə görə, qurumun xidmət təqdimatında ciddi uyğunsuzluqlar və texniki çatışmazlıqlar mövcuddur: "Dünən minimum qiymət 81 manat elan olunur, bu gün satış açılır və real qiymətin əslində 93-125 manat arasında olduğu ortaya çıxır. Ardınca isə sayt faktiki çökür, virtual növbə tətbiq edilir, hətta hazırda xaricdən girişlərin də məhdudlaşdırıldığı görünür. Halbuki əvvəlcədən məlum idi ki, Bakı-Tbilisi reyslərinə çox böyük maraq olacaq. Bu gözlənilməz hadisə deyildi".

Osman Gündüz qeyd edib ki, ADY-nin rəqəmsallaşma bəyanatları ilə real imkanları üst-üstə düşmür: "2024-cü ildə Asiya İnkişaf Bankı tərəfindən ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq kredit də təsdiqlənmişdi. Belə olan halda cəmiyyətin gözləntisi odur ki, ən azı bilet satış platforması pik yüklənməyə hazır olmalı idi. Əlbəttə, virtual növbə sistemi normal praktikadır. Dünyanın ən böyük platformaları da bunu edir. Amma ADY-də baş verənlər göstərir ki, yaşananlar artıq təkcə texniki məsələ yox, öncədən hazırlıq, planlama, risk idarəçiliyi və böhran kommunikasiyası problemidir. Rəqəmsal transformasiya sadəcə yeni sayt açmaq, mobil tətbiq yaratmaq deyil. Əsas məsələ həm də minlərlə insan eyni anda daxil olanda sistemin dayanıqlı şəkildə işləməsidir".

Sərnişinlərin uzun müddətdir gözlədiyi beynəlxalq reyslərin bilet satışı zamanı yaranan bu mənzərə ADY-nin strateji planlaşdırma və texnoloji infrastrukturunun pik yüklənmələrə cavab vermədiyini növbəti dəfə ortaya qoyub.
Tunar,
NOCOMMENT.az












