2026-cı il futbol üzrə dünya çempionatı bu gün keçiriləcək Argentina-İspaniya finalı ilə başa çatacaq.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “MetLife Stadium” da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Finaldan əvvəl möhtəşəm bağlanış mərasimi keçiriləcək. FIFA-nın məlumatına görə, tədbirin əsas ulduzu amerikalı müğənni Post Malone olacaq. Mərasimdə həmçinin Tom Kruz, Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams və “IShowSpeed” iştirak edəcək. ABŞ himnini isə Cennifer Hadson səsləndirəcək.
Oyunun fasiləsində Castin Biber, Madonna, Şakira və Cənubi Koreyanın BTS qrupunun çıxışı planlaşdırılır. FIFA-nın qərarına əsasən, fasilə bu dəfə 17 dəqiqə davam edəcək.
Finalı ABŞ Prezidenti Donald Trampın, FIFA prezidenti Canni İnfantinonun, İspaniyanın Baş naziri Pedro Sançesin, Meksika Prezidenti Klaudiya Şeynbaumun və Kanadanın Baş naziri Mark Karninin tribunadan izləyəcəyi gözlənilir.
Argentina yığması tarixində yeddinci dəfə dünya çempionatının finalına yüksəlib. Komanda indiyədək üç dəfə dünya çempionu olub. İspaniya isə ikinci dəfə final oynayır və ilk titulunu 2010-cu ildə qazanıb.
Turnirdə Argentina millisinin kapitanı Lionel Messi 8 qolla bombardirlər siyahısında ilk pilləni Fransa millisinin hücumçusu Kilian Mbappe ilə bölüşür. İspaniya yığmasının ən məhsuldar futbolçusu isə 5 qolla Mikel Oyarzabaldır.
Final oyununu sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək.
Bu il dünya çempionatının qaliblərinə tarixdə ilk dəfə olaraq xüsusi çempionluq üzükləri də təqdim olunacaq. FIFA ümumilikdə 2026 üzük hazırlayıb. Onlardan 30-u qalib komandanın üzvlərinə veriləcək, qalanları isə azarkeşlər üçün satışa çıxarılacaq.












