Azərbaycan halal iqtisadiyyatının inkişafına töhfə verə və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər. Bunu Kuala-Lumpurda yerləşən İslam İnkişaf Bankı (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Halal forumdakı çıxışında deyib. O qeyd edib ki, Azərbaycan halal iqtisadiyyatının inkişafı üçün mühüm imkanlara malikdir.
Son illər ölkədə İslam bankçılığının tətbiqi ilə bağlı bir çox müzakirələr aparılmasına baxmayaraq, bu layihə hələ də reallaşmayıb. İslam bankçılığının üstünlüklərini və əsas prinsiplərinin digər ənənəvi banklardan kəskin şəkildə fərqləndiyini nəzərə alaraq, hazırda bir çox ölkələrdə bu banklar uğurla fəaliyyət göstərir. Bəs Azərbaycana nə vaxt halal bankçılıq gələcək?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, İslam bankçılığının Azərbaycanda tətbiqi həm maliyyə bazarlarının şaxələndirilməsi, həm də əhalinin bu xidmətlərə olan tələbatının qarşılanması baxımından ciddi perspektiv vəd edir: "İslam bankçılığı sadəcə dini bir yanaşma deyil, eyni zamanda risklərin bölüşülməsinə əsaslanan və faizsiz iqtisadi modelə söykənən səmərəli mexanizmdir. Ölkəmizdə bu sahəyə olan maraq böyükdür və hazırda hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müəyyən addımlar atılsa da, prosesin sürətləndirilməsinə ehtiyac var. Beynəlxalq təcrübə göstərir ki, İslam bankçılığı xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsində və real sektorun investisiyalarla təmin olunmasında müstəsna rol oynayır. Düşünürəm ki, yaxın zamanlarda müvafiq tənzimləyici orqanların dəstəyi ilə Azərbaycanda tamhüquqlu halal bankçılıq məhsullarının və ya müstəqil bankların fəaliyyətinə şahidlik edəcəyik".
Tunar,











