Bu onun Qəzzada müharibədən əvvəl ailəsiylə birlikdə xoşbəxt və sevincli yaşadığı geniş, işıqlı, isti evidir… Bu isə müharibədən sonrakı həmin evdi… Uşaqları, ailəsi belə ağır vəziyyətdə yaşamağa məcbur qalıblar…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, fələstinli 38 yaşlı Əhməd Jendeya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantura təhsili alır.
Əhməd deyir ki, hər gün ailəsiylə görüntülü danışarkən, onların təkbaşına, ağır şəraitdə yaşamaq uğrunda mübarizə apardıqlarının şahidi olmaq çox ağırdır.
Həyat yoldaşı və 3 uşağının nə suyu , nə yeməyi, nə qazı, nə də işığı var. Onlar 4 divar arasında yaşayırlar, nə tavanları var, nə də döşəmələri. Uşaqların məktəbi də dağıdılıb. Ona görə də dərsləri “online” keçirlər. Amma, “online” dərsə də qoşula bilmirlər, çünki çox vaxt internet şəbəkəsi tutmur.
Əhməd deyir ki, ailəsiylə birlikdə Qəzzada dəhşətli müharibənin iki ilini yaşayıb. Daha təhlükəsiz yerlər axtararaq 5 dəfədən çox didərgin düşüb. Çadırlarda və açıq havada çətin şəraitdə yaşayıb, hər gün sağ qalmaq üçün mübarizə aparıblar. İndi isə ailəsi sözün əsl mənasında açıq havada yaşayırlar. Hava getdikcə soyuyur, amma hər gün yaşamaq üçün mübarizə aparmalı olurlar. Gündəlik ehtiyaclarını ödəmək üçün su, yemək və odun təmin etmək daha da çətinləşir. Ağır şərait, eləcə də soyuq hava həyat yoldaşında revmatoid xəstəliyinin yaranmasına səbəb olub.
O, ailəsinin evakuasiya olunmasını və Azərbaycana, yanına gətirilməsini xahiş edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.











