Son vaxtlar Bakı şəhərinin əsas prospektlərində və sürət magistrallarında nəqliyyatın hərəkət intizamında ciddi bir nizamsızlıq və xaotik vəziyyət müşahidə olunmaqdadır. Xüsusilə şəhər yollarına yeni çıxan və təcrübəsiz sürücülərin yol hərəkəti qaydalarına fərqli və təhlükəli yanaşması paytaxtın nəqliyyat axınını iflic edir.
Əsas narahatlıq doğuran məqam isə sürət həddi 90 km/saat müəyyən edilmiş magistrallarda bəzi sürücülərin heç bir maneə və ya sıxlıq olmadan 60-70 km/saat sürətlə hərəkət etməsidir. Eyni zamanda, sürət limitinin daha aşağı, məsələn, 70 km/saat olduğu yollarda bəzi sürücülərin sürəti 100-ə qaldırması yollarda tam mənada bir sürət anarxiyası yaradır. Bu cür nizamsız idarəetmə digər hərəkət iştirakçılarını qəfil manevrlər etməyə və zolağı dəyişməyə məcbur edir ki, bu da zəncirvari qəzalara, qəza şəraitinə və süni şəkildə yaranan kilometrlərlə uzunluğunda tıxaclara birbaşa rəvac verir. Bundan başqa, bu kimi hallar dəhşətli qəzalara və insan ölümünə də səbəb olur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, yollarda icazə verilən maksimum sürət həddindən əsassız dərəcədə aşağı sürətlə hərəkət etmək ən azı sürət həddini aşmaq qədər böyük təhlükə mənbəyidir: "Bakı yollarında, xüsusən də Heydər Əliyev prospekti və ya Zığ şosesi kimi 90 km/saat sürət həddi olan yollarda sol və ya orta zolaqda 60 ilə gedən sürücü arxadan normal sürətlə gələn bütün nəqliyyat axınının hərəkət ritmini pozur. Arxadan sürətlə gələn avtomobil qəfildən tormozlamağa məcbur olur, onun da arxasındakı maşınlar zəncirvari şəkildə sürəti azaldır və ya dərhal digər zolaqlara qəfil manevr edərək yayınmağa çalışırlar. Bu, birbaşa olaraq ağır yol-nəqliyyat hadisələrinə dəvətnamədir. Qanunvericilikdə əsassız olaraq çox aşağı sürətlə gedib digər nəqliyyat vasitələrinə maneə yaratmaq qayda pozuntusu hesab olunsa da, təəssüf ki, buna görə inzibati nəzarət və cəza mexanizmi demək olar ki, tətbiq edilmir. Sürücülər başa düşməlidir ki, sürətli yolda yersiz yavaş getmək təhlükəsizlik deyil, əksinə, təhlükənin özüdür".
Onun sözlərinə görə, paytaxt yollarındakı bu disbalansın və intizamsızlığın kökündə duran ən böyük amillərdən biri sürücülük mədəniyyətinin zəif olması və zolaqlar üzrə düzgün paylanma qaydalarına əməl edilməməsidir: "Əgər yol hərəkəti qaydalarına nəzər salsaq, hər bir zolağın öz təyinatı və sürət rejimi var. Sürəti aşağı olan sürücü hərəkətini ən sağ zolaqda davam etdirməlidir, lakin bizdə yeni sükan arxasına keçənlər nədənsə ən sol sürət zolağını zəbt edərək aşağı sürətlə hərəkət edirlər. Digər tərəfdən də 70-lik yolda 100-lə şütüyən 'tələsik' sürücülər bu xaotik mənzərəni tamamlayır. Nəticədə normal və intizamlı sürücülər də məcbur qalıb xaotik manevrlər edirlər ki, bu da yolları hər an partlamağa hazır olan dinamitə bənzədir. Bu problemin həlli üçün ilk növbədə sürücülük vəsiqəsi verilməsi prosesində praktiki dərslərdə magistral yollarda düzgün zolaq seçimi və sürət rejiminə uyğunlaşma qaydaları ciddi şəkildə aşılanmalıdır. Eyni zamanda, intellektual nəqliyyat sisteminin kameraları vasitəsilə sol zolağı əsassız zəbt edib yavaş sürətlə axını ləngidən sürücülərə qarşı da cərimə sanksiyaları tətbiq edilməlidir ki, yollarda nizam-intizam bərqərar olsun".
Tunar,
NOCOMMENT.az










