Yeni əskinas inflyasiya yaradacaq? - Önəmli açıqlama

Yeni əskinas inflyasiya yaradacaq? - Önəmli açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş dizayna və ən müasir mühafizə sistemlərinə malik 100 manatlıq pul nişanını tədavülə buraxması ölkənin maliyyə sektorunda və cəmiyyətdə geniş müzakirələrə yol açıb.

Yeni əskinasın təqdim etdiyi üçölçülü mikrogüzgü effektli holoqram, dinamik işıq saçan "Spark Flow Prime" elementi, görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər və dünyada ən son trend sayılan şaquli arxa dizayn milli valyutanın saxtalaşdırılmasının qarşısını almaq üçün atılmış mühüm texnoloji addımdır. Lakin istənilən yeni pul nişanının dövriyyəyə buraxılması hər zaman cəmiyyətdə "bu addım inflyasiyanı sürətləndirə bilərmi?" sualını və narahatlığını doğurur. İqtisadi qanunauyğunluqlar və pul kütləsinin idarə edilməsi mexanizmləri bu prosesin real bazar qiymətlərinə və manatın alıcılıq qabiliyyətinə olan təsirlərini daha dərindən təhlil etməyi zəruri edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, yeni dizaynda 100 manatlıqların tədavülə buraxılması sırf texniki xarakter daşıyır və iqtisadiyyatda hər hansı əlavə inflyasiya təzyiqi yaratmaq gücündə deyil: "Bir çox vətəndaşlar elə düşünürlər ki, yeni pul nişanlarının çapı dövriyyədəki pul kütləsinin artması deməkdir, lakin bu, tamamilə yanlış yanaşmadır. Mərkəzi Bank dövriyyəyə əlavə pul buraxmır, sadəcə olaraq köhnəlmiş, fiziki cəhətdən aşınmış və istifadəyə yararsız hala düşmüş 100 manatlıq əskinasları tədricən eyni nominalda olan yeni və daha müasir əskinaslarla əvəz edir. Pul kütləsinin ümumi həcmi dəyişmədiyi üçün bazarda əlavə tələb formalaşmır və müvafiq olaraq qiymət artımından söhbət gedə bilməz. Bu yenilənmənin əsas məqsədi pul nişanlarının mühafizə səviyyəsini artırmaq, dövriyyənin təhlükəsizliyini təmin etmək və qlobal bankçılıq standartlarına ayaq uydurmaqdır".

Onun sözlərinə görə, pul nişanlarının dizaynının vaxtaşırı dəyişdirilməsi və mühafizə elementlərinin gücləndirilməsi bütün dünya mərkəzi banklarının mütəmadi olaraq həyata keçirdiyi standart təhlükəsizlik tədbiridir: "Texnologiyalar inkişaf etdikcə saxtakarlıq üsulları da mürəkkəbləşir, buna görə də milli valyutanın təhlükəsizliyini qorumaq üçün hər 10-15 ildən bir əskinasların mühafizə elementləri yenilənməlidir. AMB-nin tətbiq etdiyi mikromətnlər, mürəkkəbsiz çap və şaquli dizayn milli pulumuzun nüfuzunu və etibarlılığını beynəlxalq səviyyədə qoruyur. İqtisadi nöqteyi-nəzərdən inflyasiyanı yaradan amillər tamamilə fərqlidir – bura idxal olunan inflyasiya, büdcə xərclərinin strukturu, inhisarçılıq və qlobal xammal bazarlarındakı konyunktura daxildir. Odur ki, yeni 100 manatlıqların dövriyyəyə daxil olması nəinki inflyasiya yaratmayacaq, əksinə, nağd pul dövriyyəsinin daha sağlam və təhlükəsiz şəkildə idarə olunmasına xidmət edəcəkdir".

Tunar,
NOCOMMENT.az