İnternet və sosial şəbəkələrin geniş yayılması ilə şəxsi məlumatların və şəkillərin paylaşılması da asanlaşıb. Lakin bir şəxsin icazəsi olmadan onun fotosunun yayılması qanunvericilikdə şəxsi həyatın toxunulmazlığı prinsipi ilə qorunur və bu cür hallar hüquqi məsuliyyət yarada bilər. Xüsusilə sosial şəbəkələrdə başqasına məxsus görüntülərin icazəsiz paylaşılması həm inzibati, həm də bəzi hallarda mülki məsuliyyətə səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində göstərilir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:
“Bu məsələ eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə də səbəb ola bilər. Amma burada əsas məqam ondan ibarətdir ki, şəxsin razılığı olmadan məlumatın toplanılması, saxlanılması və istifadəsi nəzərdə tutulur. Şəxsin özü tərəfindən publik şəkildə, açıq mənbələrdə paylaşılmış şəkillərin və videoların digər şəxslər tərəfindən paylaşılması birbaşa qanun pozuntusu hesab edilmir. Bununla belə, həmin şəxs etiraz edərək paylaşımın silinməsi ilə bağlı müraciət edə bilər”.
O qeyd edib ki, ümumilikdə isə açıq şəkildə yayımlanan şəkil və videoların paylaşılması qanunsuz məlumat toplama kimi qiymətləndirilmir:
“Lakin həmin paylaşımların altında və ya üzərində şəxsi təhqir edən, şərəf və ləyaqətə toxunan, böhtan və ya linç xarakterli ifadələrin işlədilməsi artıq hüquqi məsuliyyət yarada bilər. Belə hallarda həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Eyni zamanda zərərçəkən şəxs məhkəməyə müraciət edərək mənəvi ziyana görə təzminat tələbi ilə mülki iddia qaldırmaq hüququna da malikdir”.
Beləliklə, internet və sosial şəbəkə platformalarında fəaliyyət göstərən hər bir istifadəçi hüquqi məsuliyyətdən yayınmaq, həmçinin digər vətəndaşların şəxsi həyatının toxunulmazlıq hüququna hörmətlə yanaşmaq üçün görüntülərin paylaşılması zamanı maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır.\\demokrat.az











