Son zamanlar sosial şəbəkələrdə şəxslərin fotoşəkillərinin paylaşılması və həmin şəxslərlə bağlı müxtəlif ittihamların səsləndirilməsi hallarına rast gəlinir. Bəzi istifadəçilər başqa şəxslərin şəkillərini paylaşaraq onların guya borclu və ya fırıldaqçı olduğunu iddia edir, digər vətəndaşları da həmin şəxslərlə bağlı ehtiyatlı olmağa çağırırlar.
Lakin burada başqa bir hüquqi məsələ də ortaya çıxır: birinin kiməsə borclu olması və ya onunla bağlı hər hansı mübahisənin yaranması həmin şəxsin fotoşəklinin sosial şəbəkədə yayılmasına əsas verirmi? Belə hallarda şəxsi məlumatların və fotoşəklin icazəsiz paylaşılması, eyni zamanda həmin şəxs barədə “fırıldaqçı” kimi ifadələrin işlədilməsi paylaşımı edən şəxsin özü üçün hüquqi məsuliyyət yarada bilərmi?
NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, şəxslər barəsində bu cür məlumatların yayılması, xüsusilə də həmin şəxslərin təqsirli kimi təqdim olunması yolverilməz və qanunsuzdur:
“Belə ki, şəxslərin qanunvericiliyə uyğun olaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, təqsirsizlik prezumpsiyası hüququ mövcuddur. Təqsirsizlik prezumpsiyası o deməkdir ki, heç kəs məhkəmənin qanuni qüvvəyə minmiş yekun hökmü olmadan təqsirli hesab edilə bilməz. Bu o deməkdir ki, şəxsin barəsində hətta ibtidai istintaq mərhələsində cinayət işi başlana, istintaq aparıla və müəyyən ittihamlar irəli sürülə bilər. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı olmadan həmin şəxsin təqsirli olduğunu bəyan etmək yolverilməzdir”.

Ramil Süleymanov
Vəkil bildirib ki, yekun məhkəmə qərarı dedikdə, qanuni qüvvəyə minmiş, yəni qanunvericilikdə nəzərdə tutulan qaydada şikayət və ya protest verilməsi müddəti başa çatmış və ya müvafiq yuxarı instansiya tərəfindən baxılaraq qüvvədə saxlanılmış məhkəmə qərarı nəzərdə tutulur:
“Azərbaycanda məhkəmə sistemində kassasiya instansiyası Ali Məhkəmədir. Yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şəxsin təqsirli olması müəyyən edildikdən sonra onun barəsində təqsirli şəxs kimi danışmaq mümkündür. Buna qədər həmin şəxsin təqsirli olması ilə bağlı hər hansı ittihamın səsləndirilməsi və ya ictimaiyyətə bu formada təqdim edilməsi yolverilməzdir”.
Ramil Süleymanov qeyd edib ki, belə hallarla qarşılaşan şəxslər pozulmuş hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, eləcə də aidiyyəti üzrə məhkəmələrə müraciət edə bilərlər.











