Yay aylarında çoxmənzilli binaların həyətlərində avtomobil və ya xalça yuyulması hallarına tez-tez rast gəlinir. Azərbaycan qanunvericiliyində bu hərəkətləri birbaşa qadağan edən ayrıca norma olmasa da, bu, onların istənilən yerdə və istənilən qaydada həyata keçirilə biləcəyi anlamına gəlmir və vəziyyətdən asılı olaraq müxtəlif hüquqi tələblər tətbiq oluna bilər.
Avtomobil və xalça yuyularkən yaranan çirkab sularının torpağa axıdılması ekoloji risk yaradır. Avtomobil yuyulması zamanı suya yuyucu vasitələrlə yanaşı, mühərrik yağı, yanacaq qalıqları, əyləc və təkər aşınmasından yaranan hissəciklər, eləcə də digər çirkləndiricilər qarışa bilər, xalça yuyulduqda isə yuyucu maddələr, toz və kir su ilə birlikdə torpağa düşür. Ancaq bu halların hər biri avtomatik olaraq torpağın hüquqi baxımdan çirkləndirilməsi hesab edilmir və məsuliyyət yalnız torpağın həqiqətən çirkləndirildiyi müəyyən edildikdə yaranır. İnzibati Xətalar Məcəlləsinə əsasən, torpağın tullantılar, kimyəvi maddələr və ya çirkab suları ilə çirkləndirilməsi fiziki şəxslər üçün 500-800 manat, vəzifəli şəxslər üçün 2 000-2 500 manat, hüquqi şəxslər üçün isə 7 500-10 000 manat məbləğində cərimə ilə nəticələnə bilər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, vətəndaşlar binaların həyətlərində bu cür təmizlik işləri apararkən ətraf mühitə vurduqları zərərin hüquqi nəticələrini və tətbiq oluna biləcək sanksiyaların ciddiliyini mütləq nəzərə almalıdırlar: "Qanunvericilikdə hər hansı bir hərəkətin birbaşa qadağan olunan ayrıca maddə ilə tənzimlənməməsi o demək deyil ki, həmin əməl cəzasız qalmalıdır; əgər yuyulma prosesi zamanı axıdılan çirkab suları torpağın strukturunu pozur, kimyəvi tərkibinə mənfi təsir göstərir və nəticədə torpağın çirklənməsi faktı rəsmi olaraq qeydə alınırsa, bu, birbaşa İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir və vətəndaşlar üçün olduqca ağır maliyyə sanksiyalarına yol açır. Bir çox sakinlər hesab edirlər ki, şəxsi avtomobilini və ya ev xalçasını binanın qarşısında yumaq hər hansı məsuliyyət yaratmır, lakin ekoloji tarazlığın pozulması və çirkab suların açıq torpağa axıdılması qanun qarşısında birbaşa məsuliyyət yaradan hüquqpozmadır və bu səbəbdən hər bir şəxs ətraf mühitin mühafizəsinə həssas yanaşmalıdır".
Tunar,











