İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşündə İranla diplomatik razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşaraq Tehrana təzyiqləri artırmağa çağırıb. "Axios" nəşrinin İsrail rəsmisinə istinadən yaydığı məlumata görə, tərəflər görüş zamanı İrana qarşı üç əsas ssenarini müzakirə ediblər: İranla diplomatik razılaşma, artan iqtisadi təzyiqlə dəniz blokadasını saxlamaq və hərbi əməliyyatların bərpası. Nəşr qeyd edir ki, Tramp münaqişənin qlobal enerji bazarlarına və iqtisadiyyata təsirindən narahatdır. Buna cavab olaraq Netanyahu bildirib ki, Tehran Hörmüz boğazını bağlamaqla təhdid etməyə çalışsa da, İranda pisləşən iqtisadi vəziyyət – yanacaq çatışmazlığı, uzun növbələr və xalqın qəzəbi rejimə təzyiqi artırmağa imkan verir. İsrail rəsmisinin sözlərinə görə, İran rəhbərliyi daxilində iqtisadi böhrandan qorxaraq daha praqmatik yanaşmanı dəstəkləyənlər ilə sərt xətt tərəfdarları arasında fikir ayrılıqları mövcuddur. Eyni zamanda, İranın Ali Lideri Müctəba Xameneinin məsələlərdə son dərəcə mənfi mövqe tutduğu, lakin onun bu yaxınlarda görülüb-görülmədiyi və bütün qərarların məhz ondan gəlib-gəlmədiyinin bəlli olmadığı qeyd olunur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, Ağ Evin Tehranla bağlı yekun qərarı məhz qlobal enerji bazarlarının təhlükəsizliyi və ABŞ-nin strateji maraqları arasında balansın qorunmasından asılı olacaq: "Tramp administrasiyası İrana qarşı hərbi eskalasiyaya birbaşa getməkdə ehtiyatlı davranır, çünki bu, neft qiymətlərinin kəskin artmasına və qlobal iqtisadiyyatda ciddi silkələnmələrə səbəb ola bilər, məhz buna görə də hərbi müdaxilədən daha çox maksimum iqtisadi təzyiq və sanksiyaların sərtləşdirilməsi xəttinə üstünlük verilə bilər".
Onun sözlərinə görə, İran daxilindəki sosial-iqtisadi gərginlik və rejim daxilindəki çatlar kənar təzyiqlərlə birləşdikdə Tehranı güzəştə getməyə məcbur edə bilər: "Lakin Netanyahu hökumətinin əsas məqsədi diplomatik pərdə altında İrana qarşı hərbi təzyiq alətlərini həmişə masada saxlamaq və Tehranın regional siyasətini tamamilə məhdudlaşdırmaqdır".
Tunar,











