Lənkəranda təhlükə böyüyür: Zərərvericilər evlərə daraşdı - FOTOLAR

Lənkəranda təhlükə böyüyür: Zərərvericilər evlərə daraşdı - FOTOLAR

Ağ qurd kimi tanınan “Amerika ağ kəpənəkləri” Lənkəranda evlərə girir.

NOCOMMENT.az Cənub Bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun ən böyük yaşayış massivlərindən olan Liman şəhəri, Boladi, Separadi, Zövlə kəndləri və digər ərazilərdə kütləvi “Amerika ağ kənəklərinə” rast gəlinir. Sakinlər deyir ki, zərərverircilər həyətyani sahələrdə, ağaclarda əsasən may ayının sonlarından etibarən müşahidə olunub. Son günlərdə isə zərərvericilər daha da çoxalaraq meyvə ağaclarını, tərəvəz məhsullarına xeyli ziyan vurub. Gündüzlər istidən yarpaqlar arasında gizlənən ziyanvericilər gecələr evlərin içinə girir. Evlərdə uşaqlı ailələr çox narahatdır. Valideynlər qorxur ki, ziyanvericilər uşaqlara zərər verə bilər. Sakinlər özləri onlara qarşı kimyəvi mübarizə tədbirləri aparsalar da heç bir nəticə olmayıb.

Kənd təsərrüfatı yanında aqrar xidmətlər agentliyinin bitki mühafizə və fumiqasiya mərkəzinin əməkdaşları bu gün rayonun Boladi kəndində olublar. Kənd təsərrüfatı yanında aqrar xidmətlər agentliyinin bitki mühafizə və fumiqasiya mərkəzinin rəisi Ceyhun İbrahimov bildirib ki, hazırda proses çərçivəsində Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Şirinsu, Boladi və Zövlə kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə işləri aparılır. “Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf, ağac və bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır.

Mərkəzin rəisi onu da bildirdi ki, həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan Amerika ağ kəpənəyinin vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacib şərtdir. “2026-cı ildə 6500 hektar ərazidə monitorinqlər aparılmış, 4700 hektar ərazidə sirayətlənmə müşahidə olunmuşdur. Bu günə qədər 4700 hektar ərazidə də kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. “Amerika ağ kəpənəyi” ilə ilkin mübarizə tədbiri mexaniki mübarizə tədbiridir. Həyətyani sahələrdə onun əmələ gətirdiyi torlar müşahidə olduqda, ilkin olaraq onlar kəsilərək mexaniki yolla yandırılmalıdır. İkinci olaraq kimyəvi mübarizə tədbirləridir ki, bu mübarizə tədbirlərində əsasən deltametrin, spermetrin və digər dərmanlardan istifadə edilərək sakinlər kimyəvi mübarizə tədbirlərini apara bilərlər”.

Qeyd edək ki, Amerika ağ kəpənəyi Lənkəran rayonu ilə yanaşı respublikamızın Zaqatala-Balakən istiqamətində, Bərdə rayonu, Abşeron, Sumqayıt ərazilərində də geniş miqyasda yayılıb.