Ermənistanda baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında iyulun 27-də baş tutan telefon danışığı İrəvanın Moskva ilə münasibətlərdə hələ də istədiyi nəticəni əldə edə bilmədiyini və mövcud siyasətin dərin böhran içində olduğunu göstərir. Siyasi şərhçi Mikael Badalyanın təhlilinə görə, əvvəlki iqtidarlardan fərqli olaraq Paşinyan Qərblə Rusiya arasında balans yaratmaq əvəzinə birtərəfli gedişlərə üstünlük verir. O, Ermənistanın Aİ-yə inteqrasiyasını sürətləndirdiyi halda, Moskvanın əvvəlki illərdəki kimi hər cür dəstəyi verməsini gözləyir, lakin Kreml üçün artıq boş bəyanatlar deyil, real və sadiq addımlar əhəmiyyət daşıyır. Paşinyanın referendumla bağlı manevrləri və Qərblə yaxınlaşma cəhdləri isə Moskvada açıq narazılıq doğurur.
Bunun fonunda İrəvanın atdığı praktiki addımlar da gərginliyi daha da pik həddə çatdırır. Belə ki, Ermənistan hökuməti iyulun 30-da keçirilən iclasında Rusiya daxil olmaqla, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdən gətirilən tomat pastasının idxalına tam altı aylıq qadağa tətbiq edib. Rəsmi açıqlamada bu addımın yerli istehsalı və fermerlərin məhsullarını stimullaşdırmaq üçün atıldığı bildrilsə də, iqtisadi müstəvidə Moskvanın maraqlarına zərbə vuran növbəti açıq demarş kimi qiymətləndirilir. Kreml xəbərdarlıqlarına məhəl qoymayan İrəvanın bu cür təkrarolunan sərt qərarları qarşısında "Moskva İrəvanı necə ram edəcək və hansı təzyiq rıçaqlarını işə salacaq?" sualını aktuallaşdırır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, İrəvanın Kreml ilə münasibətlərdə hər vəchlə nümayişkaranə addımlar atması və Qərbə meyllənməsi Moskvanın səbrini tükətsə də, Rusiyanın əlindəki təsir rıçaqları artıq əvvəlki effektivliyini itirməkdədir: "Paşinyan hakimiyyəti yaxşı anlayır ki, Qərbin dəstəyi və təhlükəsizlik zəmanətləri müqabilində Rusiyanın iqtisadi və siyasi təzyiqlərinə müəyyən qədər sinə gərmək mümkündür, lakin Moskva uzunmüddətli perspektivdə İrəvanı iqtisadi və enerji şantajı vasitəsilə ciddi çıxmaz ilə üz-üzə qoya bilər".
Onun sözlərinə görə, Aİİ çərçivəsində tətbiq olunan məhdudiyyətlər və birtərəfli qərarlar iki ölkə arasındakı iqtisadi bağları daha da zəiflədir: "Kreml İrəvanı ram etmək üçün ənənəvi olaraq miqrant amilindən, ticarət məhdudiyyətlərindən və enerji daşıyıcılarının qiymətlərindən təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq, lakin Paşinyanın əsas məqsədi bütün təzyiqlərə baxmayaraq, ölkənin geospeysini Qərbə doğru tam transformasiya etməkdir".
Tunar,











