Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi gözlənilir.
NOCOMMENT.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə fasilələrlə yağış yağacaq, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli və intensiv olacaq. Şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna edilmir.
Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə və piyadalara ehtiyatlı olmağı tövsiyə edib. Yağışlı və görmə məsafəsinin məhdud olduğu yollarda sürət azaldılmalı, avtomobillər arasında məsafə artırılmalı, qəfil manevr və kəskin tormozlamalardan çəkinilməlidir. Piyadalar isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli və hərəkət zamanı telefondan istifadə etməməlidirlər.
Belə havalarda sağlamlığı qorumaq üçün nə etmək lazımdır?
Dəyişkən və yağışlı havalarda islanmamaq, yaş paltarla uzun müddət qalmamaq və küləkli şəraitdə açıq havada çox vaxt keçirməmək məsləhətdir. Çöldə olarkən hava şəraitinə uyğun geyinmək, xüsusilə ayaqları quru saxlamaq vacibdir.
Şimşək və güclü yağış zamanı ağacların altında, açıq ərazilərdə və su hövzələrinin yaxınlığında dayanmaq olmaz. Astma və digər tənəffüs problemləri olan şəxslər isə hava şəraitinin kəskin dəyişməsi zamanı özlərini daha diqqətlə qorumalıdırlar.
Güclü yağış və sel riski olan ərazilərdə isə mümkün qədər evdə qalmaq, zərurət olmadıqca səfərə çıxmamaq və rəsmi hava xəbərdarlıqlarını izləmək tövsiyə olunur./musavat/











