İstanbulun Fatih rayonunda tarixi Qazi Atik Əli Paşa məscidində namaz qılan 38 yaşlı İshak Yılmazın çantası oğurlanıb.
NOCOMMENT.az xəbər verir ki, çantada illərdir avtomobil almaq üçün yığdığı 70 min türk lirəsi və 53 qram qızıl olub.
Oğurlananların ümumi dəyərinin təxminən 450 min lirə olduğu bildirilir.
Hadisə avqustun 6-da günorta namazı zamanı baş verib. Kadıköydə özəl şirkətdə çalışan Yılmaz pulu və qızılı Kapalı Çarşıda satmaq və avtomobil almaq üçün məscidə getməzdən əvvəl özü ilə götürüb.
Namaz zamanı çantasını yanında qoyan Yılmaz ibadətini başa vurduqdan sonra onun yoxa çıxdığını görüb. Təhlükəsizlik kameralarının görüntülərində naməlum şəxsin Yılmazın çantasını götürərək məsciddən çıxdığı əks olunub.
Məlumata görə, şübhəli həmin vaxt başqa bir şəxsin çantasını da götürüb.
Yılmaz hadisə ilə bağlı polisə müraciət edərək şikayət ərizəsi yazıb. O, illərlə topladığı pul və qızılın oğurlanmasından böyük sarsıntı keçirdiyini bildirib.
Polis təhlükəsizlik kamerası görüntülərini araşdıraraq şəxsiyyəti hələ müəyyənləşdirilməyən şübhəlinin saxlanılması istiqamətində araşdırmaları davam etdirir.
SARA
NOCOMMENT.az











