Mingəçevir şəhərində fəaliyyət göstərən poçt şöbələrindən birində ciddi özbaşınalıqların, haqsızlıqların və maliyyə pozuntularının baş verdiyini iddia edən vətəndaş bir çox ciddi açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Kəlbəcər rayonunun Zergənd kəndindən məcburi köçkün olan və uzun illərdir Mingəçevir şəhərində yaşayan şikayətçi Etibar İsmayılov bildirib ki, o, 22 ildir "Azərpoçt" sistemində çalışır və bunun 10 ilini Mingəçevir şəhər 11 saylı poçt şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Şikayətçi qeyd edib ki, rəhbərlik tərəfindən ona qarşı davamlı olaraq qanunsuz təzyiqlər göstərilir, hüquqları kobud şəkildə pozulur və əsassız olaraq işdən uzaqlaşdırılmasına çalışılır: "Bu illər ərzində şöbədə yalnız müdir kimi deyil, eyni zamanda əməliyyatçı və poçtalyon vəzifələrini də təkbaşına yerinə yetirmişəm, lakin həmin əlavə ştatların maaşları və əməkhaqları mənə ödənilməyib.
Fəaliyyətim dövründə dəfələrlə ticarət satışlarına görə fəxri fərmanlar və mükafatlar almışam, işimə hər zaman məsuliyyətlə yanaşmışam".
Etibar İsmayılovun bütün bunlara baxmayaraq Yevlax Regional Poçt Filialının müdiri Ramin Oruclu tərəfindən mütəmadi olaraq haqsız tələblərlə üzləşdiyini, müxtəlif bəhanələrlə ondan pul tələb olunduğunu bildirib. Şikayətçi qeyd edib ki, əksiklik və ya səhv hesablandığı iddia edilən məbləğləri öz şəxsi cibindən ödəmək məcburiyyətində qalsa da, sonradan həmin pullar ona geri qaytarılmayıb.
Bundan əlavə, şikayətçi rəhbərlik tərəfindən ona qarşı ağır və əsassız ittihamların irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, Yevlax Regional Poçt Filialının müdiri Ramin Oruclu tərəfindən guya onun oğru və narkoman olması iddia edilib. Etibar İsmayılov bu cür böhtanların onun ləyaqətinə ləkə yaxmaq və vəzifəsindən uzaqlaşdırmaq məqsədi daşıdığını qeyd edərək, özünün oğru olmadığını, əksinə illərdir dürüst çalışdığını vurğulayıb. Rəhbərlik isə guya şöbənin bağlanacağı bəhanəsini irəli sürərək onu tutduğu vəzifədən azad etmək, yaxud mərkəzi poçt şöbəsinə aşağı vəzifəyə keçirmək istəyir.
Bütün bu haqsızlıqlara, təzyiqlərə və ağır ittihamlara etiraz edən Etibar İsmayılov dövlət qurumlarından, aidiyyəti nazirliklərdən və hüquq-mühafizə orqanlarından məsələnin obyektiv şəkildə araşdırılmasını, pozulmuş hüquqlarının bərpa olunmasını və ona qarşı özbaşınalıq edənlərin qanuni şəkildə cəzalandırılmasını tələb edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










