Mərdəkanda 4 gənc niyə boğulub? - Önəmli açıqlama

Mərdəkanda 4 gənc niyə boğulub? - Önəmli açıqlama

Mərdəkandakı faciə dəniz mövsümündə təhlükəsizlik sisteminin boşluqlarını yenidən gündəmə gətirdi. Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə 4 qohumun (onlardan ikisi qardaşdır) boğulması, onlardan üçünün – 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitlərinin tapılması, 2003-cü il təvəllüdlü Pərviz Məcidovun axtarışlarının isə hələ də davam etməsi cəmiyyətdə dərin sarsıntı yaradıb. Bu ağır bədbəxt hadisə çimərliklərdə həm fərdi məsuliyyət, həm də institusional nəzarət mexanizmlərinin hansı səviyyədə olması sualını kəskin şəkildə ortalığa qoyur. Hər il təkrarlanan bu mənzərə göstərir ki, dənizdə boğulma hallarının qarşısını almaq üçün standart xəbərdarlıqlardan daha effektiv və birbaşa təsirli addımların atılmasına ehtiyac var.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhlükəsizlik üzrə ekspert Akif Səlimov qeyd edib ki, çimərliklərdəki faciələrin əsas səbəbi yalnız vətəndaşların ehtiyatsızlığı deyil, həm də xilasetmə infrastrukturunun müasir tələblərə cavab verməməsidir: "Biz hər yay eyni faciəli statistikaya şahid oluruq, çünki çimərliklərin idarə edilməsində vahid və sərt nəzarət modeli yoxdur. Xüsusilə Mərdəkan, Şüvəlan və Bilgə kimi açıq dəniz sahələrindəki çimərliklərdə 'arqan' adlandırılan sualtı axınlar, yarğanlar və qəfil dərinləşmələr olur. Bu ərazilərdə insanların suya daxil olduğu sahələrlə təhlükəli zonalar arasında real vizual sərhədlər yoxdur. Suda boğulma hallarını minimuma endirmək üçün sadəcə sahildə durub baxmaq kifayət deyil. Hər bir çimərlik operatoru qanun qarşısında birbaşa məsuliyyət daşımalı, ərazidəki xilasedicilərin sayı insanların sıxlığına mütənasib tənzimlənməlidir".

Ekspertin sözlərinə görə, profilaktik tədbirlərin texnoloji və inzibati tərəfi kökündən dəyişdirilməlidir: "Müasir dünyada artıq vizual xəbərdarlıq nişanları təkbaşına işləmir, çünki insanlar onlara çox vaxt məhəl qoymurlar. Təhlükəli və çimmək qadağan olunmuş zonalarda həm fiziki baryerlər (su üzərindəki bakenlər və iplər), həm də səsli xəbərdarlıq sistemləri quraşdırılmalıdır. Ən əsası, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qrupları ilə özəl çimərlik menecerləri arasında saniyələrlə ölçülən operativ koordinasiya mütləqdir. Əgər bir ərazidə dəniz dalğalıdırsa və ya sualtı axıntı riskləri pik həddədirsə, ora giriş inzibati qaydada, tamamilə qapadılmalıdır. İnsan həyatı ilə risk etmək olmaz; nəzarətsiz və təhlükəli çimərlik zonalarına giriş mexanizmləri sərtləşdirilməyincə, təəssüf ki, biz bu cür ağır fəsadlarla yenə də qarşılaşmalı olacağıq".