Taleh Yüzbəyov sosial şəbəkələrdə müzakirələrə səbəb olan reklam çarxının silinməsindən sonra mövzuya dair açıqlama yayıb.
NOCOMMENT.az xəbər verir ki, aktyor paylaşımında reklam çarxının şirkətin istəyi ilə silindiyini bildirib.
Daha sonra aktyor reklam ətrafında aparılan müzakirələr zamanı "mübarizə" adı altında təhqir olunduğunu deyib:
“Demişdim ki, həmin video ilə bağlı fikirlərimi bildirəcəyəm. Sadəcə gec oldu, İspaniyanın oyununa baxırdım. İndi isə o məsələ ilə bağlı fikirlərimi paylaşmaq istəyirəm.
Əvvəlcə bu günlərdə mənə dəstək olan, yanımda duran hər kəsə təşəkkür edirəm. Məni tək qoymadığınız üçün minnətdaram. Videonu bəyənməyənlərə də təşəkkür edirəm. Hesablamalarıma görə, bu müzakirələrdən sonra instaqram səhifəmin aktivliyi təxminən 10 dəfə artıb.
Hər kəs bu mövzudan özünə uyğun şəkildə istifadə etdi, kontent hazırladı. Buna da hörmətlə yanaşıram. Hər kəs öz işini görür, dolanışığını təmin edir. Bunu ironiyayla yox, tam səmimi deyirəm. İstəyirsinizsə, bu mövzunu hələ uzun müddət müzakirə edib ondan kontent çıxara bilərsiniz.
Daha sonra keçdiniz mənim həyat yoldaşıma. Başqa vaxt “arvad” sözünü işlədəndə bizi öldürürsünüz, amma özünüz yazdınız ki, “arvadın elə, arvadın belə…” Rahat olun, söhbət estetik əməliyyatdan getmir. Müəyyən prosedurlar var, adlarını belə bilmirəm. Amma lap estetik əməliyyat olsaydı belə, bu o demək deyil ki, mən bu barədə fikir bildirməməliyəm. Ətrafımda belə prosedurlardan istifadə edən kifayət qədər insan var, onlarla dostluq münasibətlərimiz də var. Bu o demək deyil ki, mən onlara qarşıyam və ya onları bəyənmirəm. Sadəcə hesab edirəm ki, bu prosedurlar yaxşı deyil. Bu fikir ayrılığı da aramızda heç bir qalmaqal və ya düşmənçilik yaratmır”.
Taleh Yüzbəyov qeyd edib ki, reklam ətrafında yaranan müzakirələr zamanı xanımı və 12 yaşlı qızı da təhqirlərə məruz qalıb:
“Bəzi insanların reaksiyası tamamilə başqa səviyyəyə keçdi. Həyat yoldaşıma yazmağa, onu təhqir etməyə başladılar. Bir qadın olaraq başqa bir qadına bu cür davranmaq, mənə təsir göstərmək üçün hər vasitəyə əl atmaq artıq başqa məsələdir.
Ən iyrənc məqam isə başqa bir hadisə oldu. 12 yaşlı qızımın şəklini həyat yoldaşıma göndərib, “Qızınızın da qulaqları şəlpədir, yəqin ona da estetik etdirərsiniz” yazıblar. Məncə, mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər alçaq səviyyəyə endirmək çox aşağı hərəkətdir.
Qadın haqlarından danışıb, sonra başqa qadınları alçaltmaq, onların ən həssas nöqtələrinə toxunmaq böyük ziddiyyətdir. Mən həmin insanı tapmaq da, görmək də, onunla eyni mühitdə olmaq da istəmirəm. Belə bir sözü yazan insanın nə qədər aşağı səviyyəyə enə biləcəyini təsəvvür etmək çətindir.
Məncə, hər mübarizənin bir forması, hər etirazın bir etikası olmalıdır. Tənqid edirsinizsə, buyurun edin. Mən səhifəmdə adekvat tənqidləri silməmişəm, heç kimə də kobud cavab verməmişəm. Amma təhqir tamam başqa məsələdir”.
Aktyor bildirib ki, şirkət videonu silsə də, o, reklam hissəsini çıxarıb paylaşımı öz səhifəsində saxlayıb. O, deyib ki, bu, artıq onun üçün prinsip məsələsidir:
“Reklamın özünə gəlincə, burada çox danışmaq istəmirəm. Hər şey göz qabağındadır. Biz orada iki fərqli gözəllik anlayışını – təbii və sonradan dəyişdirilmiş görünüşü müqayisə etmişik. Əgər mən “təbii gözəllik daha üstündür” desəydim, bunu müzakirə etmək olardı. Amma “siz də təbii gözəlliyi daha çox sevirsiniz” deməkdə mən qəbahət görmürəm.
Şirkət videonu sildi. Böyük təzyiqlər, şikayətlər və etirazlar oldu. Hətta bəzi insanlar “Google”da şirkətin reytinqini aşağı salmağa çalışdılar. Mən öz izləyicilərimdən xahiş edirəm ki, bunu etməsinlər. Çünki söhbət sadəcə dondurma və şirniyyat satan bir şirkətdən gedir.
Şirkətin mövqeyi bəllidir və onun öhdəlikləri mənim öhdəliklərimlə eyni deyil. Onlar videonu silib açıqlama verdilər. Bir çox narazı xanımlar da həmin açıqlamanı qəbul etdilər və məsələ onlar üçün bağlandı. Mən buna yalnız sevinə bilərəm.
Amma mən reklam hissəsini çıxarıb videonu öz səhifəmdə paylaşdım. Bu artıq mənim üçün prinsip məsələsidir. Çünki məni ən çox qıcıqlandıran məsələ qarşı tərəfdə gördüyüm despot düşüncə tərzidir.
Bu düşüncə tərzi belədir: “Bu video bizim xoşumuza gəlmir, ona görə silinməli və müəllifi üzr istəməlidir”. Xeyr! Siz mənim nəyi paylaşacağıma, nəyi siləcəyimə qərar verən insanlar deyilsiniz”.
O bildirib ki, hər kəsin fikri fərqli ola bilər və hamının eyni düşünməsi mümkün deyil:
“Məhz buna görə videonun səhifəmdə qalmasının tərəfdarı oldum. Çünki bu cür despot düşüncə tərzini təhlükəli hesab edirəm. Tarixdə də buna bənzər yanaşmalar olub. “Ya bizimləsən, ya da bizə qarşısan”, “bizdən başqa hamı səhvdir”, “yalnız biz haqlıyıq”, “bizimlə razılaşmayanlar susdurulmalıdır” kimi yanaşmalar heç vaxt yaxşı nəticə verməyib.
Mən sizi həmin qüvvələrlə eyniləşdirmək istəmirəm. İnanmaq da istəmirəm ki, siz bu qədər qəddarsınız. Amma düşüncə istiqamətiniz həmin xəttə çox yaxındır.
Bu dəfə geri çəkilməməyimin səbəbi də budur. Çünki dəfələrlə belə hallar yaşanıb. İnsanlar etiraz edib, mövqelərini bildiriblər. Bu normaldır. Amma şirkətləri və ya fərdləri məcbur etməyə çalışmaq başqa məsələdir.
Baxışlar müxtəlifdir. Sizin üçün doğru və dəyərli olan bir şey başqası üçün doğru olmaya bilər. Hamının sizin baxışlarınızı qəbul etməsi kimi bir məcburiyyət yoxdur.
Sizin liberal baxışlarınız, feminist mövqeyiniz və ya başqa ideoloji yanaşmalarınız ola bilər. Amma bu, hamının həmin fikirlərlə razılaşacağı anlamına gəlmir. İndiyə qədər qadın mərkəzli çoxlu kampaniyalar, layihələr və videolar hazırlanıb. Heç kim çıxıb deməyib ki, “niyə burada kişilər yoxdur?”
Qadınların idmana, biznesə və müxtəlif sahələrə təşviq olunması yaxşıdır. Buna etirazım yoxdur. Amma bu o demək deyil ki, hamı eyni cür düşünməli və eyni mövqeni bölüşməlidir. Təəssüf ki, həyat belə işləmir”.\\yenisabah.az











