Sumqayıt idman tarixində xüsusi xidmətləri olan tanınmış futbolçu, SSRİ idman ustası, Əməkdar məşqçi, "Tərəqqi" medallı Telman Həsən oğlu Salahov 89 yaşında vəfat edib.
NOCOMMENT.az-ın məlumatına görə, Telman Salahov 1937-ci il fevralın 1-də Gəncə şəhərində anadan olub. O, Gəncə İnşaat Texnikumunu və Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1957-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlayan Telman Salahov şəhərin "İnşaatçı" futbol komandasının kapitanı olub və Sumqayıt futbolunun formalaşmasında mühüm rol oynayıb.
Uzun illər futbolçu və məşqçi kimi fəaliyyət göstərən Telman Salahov Azərbaycan futbolunun inkişafına böyük töhfələr verib. 2013-cü ildən "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü olan Telman Salahov 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.











