Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsləri - Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Gövhər Əhmədova 5 il, Fəridə Abbasova isə 3 il müddətinə azadlıqdan məhrum edilib. G.Əhmədova məhkəmə zalında həbs olunub. F.Novruzovanın hamilə olduğu nəzərə alınıb, doğulacaq övladı 14 yaşına çatanadək hökmün təxirə salındığı bildirilib.
Vəli Rəhimov isə 2000 manat cərimə edilib. Onlara Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə elan edilən ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ittihama xitam verilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilmələrini, məhkəmə zalında həbs olunmalarını, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssissəsində çəkmələrini təklif edib.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Auditorlar Palatası tanınıb.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.










