Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Zamanında addım atmasanız...

Məhərrəm və Səfər ayları kimi dini matəm dövrlərinin başa çatması ilə Azərbaycanda növbəti toy mövsümü – aktiv fazaya keçid dövrü başlayır. Avqustun 13-14-də Səfər ayının yekunlaşması və avqustun ikinci yarısından etibarən toy-düyünlərin yenidən intensivləşməsi ölkənin ictimai-iqtisadi həyatında ciddi canlanma yaradacaq.

Ənənəvi olaraq payız mövsümünün əvvəlinə təsadüf edən bu dövrdə şadlıq sarayları, restoranlar, o cümlədən toy sektoru ilə əlaqəli digər xidmət sahələri üçün yeni iş həftələri və sıx qrafik dövrü qədəm qoyur. Bir neçə ay davam edən fasilədən sonra cəmiyyətdə yaranan tələbat fonunda payız aylarına planlaşdırılan mərasimlərin sayının kəskin artacağı və əsl “toy bumu” yaşanacağı proqnozlaşdırılır. Bu isə təbii olaraq bazarda qiymət siyasətinə, xidmət keyfiyyətinə və ümumi rəqabət mühitinə birbaşa təsir göstərən əsas amillərdən birinə çevrilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Əli Cabbarov qeyd edib ki, matəm aylarından sonra toy sektorunda böyük sıçrayışın qeydə alınması qanunauyğun haldır və bu, hər il təkrarlanan mövsümi tendensiyadır: "Məhərrəm və Səfər aylarında fasilə verən vətəndaşlar mərasimlərini məhz payız mövsümünə salmağa üstünlük verirlər, bu da qısa müddət ərzində şadlıq saraylarına və əlaqədar xidmətlərə tələbatı dəfələrlə artırır".

Onun sözlərinə görə, tələbatın pik həddə çatması fonunda sektor iştirakçıları mövsümi amillərdən istifadə edərək müəyyən qiymət dəyişikliklərinə və ya paket şərtlərinin sərtləşdirilməsinə gedə bilərlər: "Lakin rəqabətin mövcud olduğu seqmentlərdə qiymətlərin süni şəkildə həddindən artıq şişirdilməsi çətin olacaq, çünki bazarda kifayət qədər alternativlər mövcuddur".

İqtisadçı qeyd edib ki, toy sektorundakı bu canlanma təkcə restoran biznesini deyil, eyni zamanda foto-video xidmətləri, musiqi qrupları, geyim salonları və floristik sahəni də əhatə edərək minlərlə insana qazanc gətirən geniş bir iqtisadi zənciri hərəkətə gətirir: "Ümumilikdə, qarşıdakı aylarda yaşanacaq "toy bumu" xidmət sahələrində dövriyyəni əhəmiyyətli dərəcədə artıracaq və ümumi iqtisadi aktivliyə müsbət təsir göstərəcək".