Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı ŞOK HƏBSLƏR – Azərbaycanda da ola bilərmi? 

Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı ŞOK HƏBSLƏR – Azərbaycanda da ola bilərmi? 

Türkiyədə qanunsuz mərc oyunlarına görə aparılan əməliyyatlar nəticəsində hakim Zorbay Küçük, “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş, “Qalatasaray”ın gənc oyunçusu Metehan Baltacı və “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak da daxil olmaqla bir çox tanınmış şəxslərin saxlanılması ölkənin idman ictimaiyyətində böyük səs-küy yaradıb.

Hakimlərin bank hesablarında aşkarlanan şübhəli köçürmələr, futbolçuların mərc oyunlarında iştirak ittihamı və klub rəhbərlərinə qarşı verilən həbs qərarı Türkiyə futbolunda uzun illərdir mövcud olan mərc problemini yenidən gündəmə gətirib. Bu qalmaqal göstərir ki, qanunsuz mərc bazarı nəzarətdən çıxdıqda ən yüksək səviyyəli idman iştirakçılarını belə öz orbitinə çəkə bilir.

Futbol eksperti Aslan Kərimov NOCOMMENT.az-a bildirib ki, Türkiyədə yaşananlar Azərbaycan üçün də ciddi dərs olmalıdır.

Ekspertin sözlərinə görə, Azərbaycan futbolunda hazırda belə miqyaslı bir qalmaqal qeydə alınmasa da, potensial risklər mövcuddur:

“İnternet üzərindən xarici mərc saytlarına girişin tam qarşısını almaq mümkün deyil. Dünyanın istənilən ölkəsində olduğu kimi, Azərbaycanda da onlayn mərc platformaları vasitəsilə gizli şəkildə iştirak etmək mümkündür. Əgər nəzarət zəifləsə və profilaktik tədbirlər gücləndirilməsə, Türkiyədə yaşanan proseslərin oxşarı bizdə də baş verə bilər”.

Ekspert qeyd edir ki, Azərbaycan futbolunda ən mühüm üstünlük sərt nəzarət və daha kompakt sistemdir, lakin bu, riskin sıfır olduğu anlamına gəlmir:

“Azərbaycan Premyer Liqasının kiçik ölçülü çempionat olması həm üstünlükdür, həm də zəiflik. Bir tərəfdən, proseslərə nəzarət daha rahatdır. Digər tərəfdən, az sayda oyun olması nəticəsində manipulyasiya cəhdlərinin təsiri daha böyük ola bilər. Türkiyədə bir oyun üzərində manipulyasiya ümumi təsir baxımından daha gec özünü göstərir, Azərbaycanda isə hər oyun diqqət mərkəzindədir”.

Ekspert həmçinin bildirir ki, Azərbaycan futbolunda oyunçuların və hakimlərin maliyyə şəffaflığı, gəlir mənbələrinin monitorinqi daha sistemli olmalıdır:

“Türkiyədəki qalmaqalda əsas sübut məhz maliyyə əməliyyatları olub.

Bizdə də şəxsi bank hesablarının ani artımı, şübhəli köçürmələr və ya idman fəaliyyətinə uyğun olmayan maliyyə axınları vaxtında aşkar olunmasa, risk böyüyə bilər.

Sistemli maliyyə monitorinqi, etik davranış kodeksi və maarifləndirmə tədbirləri vacibdir”.

Ekspert hesab edir ki, Azərbaycanda hazırda rəsmi olaraq yalnız lisenziyalı mərc operatorları fəaliyyət göstərir və qanunsuz fəaliyyətlərə qarşı mütəmadi əməliyyatlar aparılır:

“Bu, riskləri azaltsa da, tamamilə aradan qaldırmır. Mərc bazarı dünyanın hər yerində idman üçün potensial təhdiddir. Türkiyədə yaşananlar göstərdi ki, nə qədər güclü idman sistemi olursa-olsun, nəzarət zəiflədiyi anda manipulyasiya şəbəkələri hər səviyyəyə nüfuz edə bilər. Azərbaycan da bu nümunədən nəticə çıxarmalıdır”.