Alimlər müəyyən ediblər ki, “superfood”un tərkibindəki bir molekul nazik bağırsağın daxili toxuması ilə qarşılıqlı əlaqədə olur və xəstəliklərin inkişafının qarşısını alır. Bu qida müxtəlif növ xərçəng və 2-ci tip diabet kimi xəstəliklərin riskini azaltmaqda da təsirlidir.
NOCOMMENT xəbər verir ki, insan sağlamlığı baxımından çox əhəmiyyətli bir araşdırmaya imza atan elm adamları bağırsaqları qoruyan və xəstəliklərin qarşısını alan “super qida” tapıblar.
“Laboratory Investigation” akademik jurnalında dərc edilən yeni araşdırma, həmçinin “superfood”un bağırsaq reseptoruna bağlanan və siçanlarda nazik bağırsağın selikli qişasını qoruyan müəyyən molekulları ehtiva etdiyini ortaya qoydu.
Məlumdur ki, nazik bağırsağın divarları su və qida kimi faydalı maddələrin orqanizmə keçməsinə şərait yaradır, eyni zamanda zərərli qida hissəciklərinin və bakteriyaların daxil olmasına mane olur. Bağırsaqdakı xüsusi hüceyrələr (məsələn, suyu və qida maddələrini udan enterositlər, qoruyucu selikli təbəqə ifraz edən goblet hüceyrələri və həzm fermentləri ifraz edən Paneth hüceyrələri) bu sağlam tarazlığın qorunmasına kömək edir.
Yeni araşdırma brokolinin tərkibindəki aril karbohidrogen reseptor liqandları adlanan molekulların AHR adlı zülal növünə bağlanaraq bağırsaq hüceyrələrinin funksiyasına təsir edən fəaliyyətlər meydana gətirdiyini aşkar edib. Tədqiqat zamanı elm adamları eksperimental siçan qrupunu 15 faiz brokkoli (insanlar üçün gündə təxminən 3,5 fincana bərabər) olan pəhrizlə bəsləyiblər. Onlar həmçinin nəzarət qrupunu tərkibində brokoli olmayan tipik laboratoriya yeməyi ilə qidalandırıblar.
Tədqiqatçılar heyvanların toxumalarını təhlil edərkən, brokoli ilə qidalanmayan siçanlarda AHR aktivliyinin olmadığını və nəticədə bağırsaq maneə funksiyasının dəyişdiyini aşkar ediblər. Independent Turkish-nin verdiyi məlumata görə; AHR fəaliyyətinin olmaması nazik bağırsaqda qida keçidinin vaxtının qısalması, goblet hüceyrələrinin, qoruyucu selik, Paneth hüceyrələri və enterosit hüceyrələrinin sayının azalması ilə nəticələnib.
Dr. Perdew, “Brokoli ilə qidalanmayan siçanların bağırsaq sağlamlığı, xəstəliklə əlaqəli olduğu bilinən bir neçə yolla pozuldu” deyib.Həmçinin “Tədqiqatımız göstərir ki, brokoli və bəlkə də digər qidalar AHR liqandlarının təbii mənbələri kimi istifadə edilə bilər və bu liqandlarla zəngin qidalar nazik bağırsağın elastikliyinə kömək edir” deyə əlavə edib.
Tədqiqatçıların fikrincə, yeni tapıntılar AHR fəaliyyəti ilə çatdırılan qida stimullarının bağırsağın metabolik repertuarını potensial olaraq yenidən formalaşdıra biləcəyini göstərir.











