Xəzərdə əsrin ən böyük təhlükəsi - Rəsmən etiraf edildi

Xəzərdə əsrin ən böyük təhlükəsi - Rəsmən etiraf edildi

Xəzər dənizində su səviyyəsinin enməsi prosesini dayandırmaq mümkün deyil, əsas yanaşma yalnız bu dəyişikliklərə uyğunlaşmaqdır. Azərbaycan Dövlət Su Ehtiyatlarına Nəzarət Xidmətinin sədr müavini Əliağa Əzizov bildirib ki, aparılan tədqiqatlar göstərir ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır. Əsas səbəblər kimi iqlim dəyişiklikləri, hövzədə yağıntıların azalması, temperaturun artması nəticəsində buxarlanmanın güclənməsi və dənizə axan çayların suyunun azalması göstərilir.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərdə su səviyyəsi son 5 ildə təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb. Hazırda dənizdə illik enmə 20–30 santimetr təşkil edir. Qazaxıstanın Ekologiya Nazirliyinin məlumatına görə, uzunmüddətli proqnozlarda optimist ssenaridə 2030-cu ilə qədər səviyyə -29,8 metrə, 2050-ci ilə qədər isə -32,4 metrə enə bilər. Pessimist ssenariyə görə isə Xəzərin səviyyəsi 2030-cu ildə -30 metrə, 2050-ci ildə isə -34 metrə qədər düşə bilər. Bəs qarşısını almaq mümkün deyilsə, bu etirafdan sonra Xəzəri və bizi nə gözləyir?"

NOCOMMENT.az xəbər verir ki, dövlət strukturları tərəfindən Xəzər dənizinin quruması prosesinin artıq qarşısıalınmaz bir mərhələyə qədəm qoyduğunun rəsmən etiraf edilməsi, təkcə Azərbaycan üçün deyil, bütün regional ekosistem üçün qlobal fəlakət anonsudur. Dünyanın ən nəhəng qapalı su hövzəsinin gözümüzün qabağında saniyəbəsaniyə geri çəkilməsi, sahil xəttinin kilometrlərlə daralması və liman infrastrukturunun iflic təhlükəsi ilə üzləşməsi region dövlətlərinin bu günə qədər yürütdüyü səthi ekoloji siyasətin acı bumeranqıdır. Rəsmi qurumların "bu prosesi dayandırmaq qeyri-mümkündür, sadəcə uyğunlaşmalıyıq" bəyanatı əslində ekoloji böhran qarşısında atılan aciz bir geri addım kimi səslənsə də, yaxın onilliklərdə Bakı və digər sahil şəhərlərini gözləyən iqlim, iqtisadiyyat və loqistika kataklizmlərinin miqyasından xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq Telman Zeynalov qeyd edib ki, dövlət xidmətinin bu etirafı cəmiyyət üçün bir ayıltma siqnalı olmalıdır, çünki Xəzərin bu sürətlə quruması dənizətrafı ölkələrdə kütləvi humanitar və biomüxtəliflik böhranına yol açacaq: "Rəsmi rəqəmlərin dənizdə son 30 ildə 2,5 metrlik fəlakətli bir itki qeydə almasını bəyan etməsi dəhşətli mənzərədir. İllik 20-30 santimetrlik azalma o deməkdir ki, dəniz sadəcə buxarlanmır, onu qidalandıran damarlar rəsmən kəsilir. Xəzəri su ilə təmin edən ən böyük arteriya Volqa çayıdır və onun üzərində Rusiyanın tikdiyi nəhəng su anbarları, kənd təsərrüfatı inhisarları dənizə gələn suyun qarşısını kəskin şəkildə kəsib. Eyni vəziyyət öz Kür çayımıza da aiddir. Biz illərdir deyirik ki, Xəzər qapalı göldür, onun okeana birbaşa çıxışı olmadığı üçün daxili balans mütləq qorunmalıdır. Əgər Qazaxıstan Ekologiya Nazirliyinin proqnozlaşdırdığı o pessimist ssenari gerçəkləşərsə və suyun səviyyəsi -34 metrə düşərsə, Xəzərin şimal hissəsi tamamilə bataqlığa və duz səhrasına çevriləcək, dəniz canlılarının xüsusən də nərə balıqlarının nəsli tamamilə kəsiləcək".

Onun sözlərinə görə, dövlətin "uyğunlaşmaq" strategiyası sadəcə seyrçi mövqe tutmaq mənasına gəlməməli, təcili olaraq dənizyanı ölkələrin iştirakı ilə sərt regional konvensiyalar imzalanmalıdır: "Biz bu fəlakətə sadəcə 'iqlim dəyişir, buxarlanma artır' deyib bəhanə gətirə bilmərik, burada birbaşa insan və dövlətlərin cinayətkar laqeydliyi var. Sahil xəttinin geri çəkilməsi Bakı buxtasını, dəniz kənarındakı bütün bulvar infrastrukturunu, neft estakadalarını və gəmilərin hərəkət etdiyi kanalları yararsız hala salacaq. İqtisadiyyat Nazirliyi və Ekologiya Nazirliyi indidən limanların dərinləşdirilməsi, dəniz suyunun şirinləşdirilməsi zavodlarının şəbəkələşməsi üzərində işləməlidir. Digər tərəfdən, dəniz çəkildikcə dibdə qalan zəhərli maddələr və ağır metallar külək vasitəsilə Bakı və Abşeron yarımadasının havasına qarışacaq ki, bu da regional miqyasda ağciyər və onkoloji xəstəliklərin kütləvi şəkildə partlamasına səbəb olacaq. Əgər Xəzəryanı 5 dövlət bərabər şəkildə çayların axınını bərpa etməsə və inhisarçı su siyasətinə son qoymasa, biz bu əsrin ortalarında ikinci Aral gölü faciəsini yaşayacağıq və o zaman uyğunlaşmağa heç bir yaşayış mühiti tapılmayacaq".

Tunar,

NOCOMMENT.az