Xəzərdə neft təhlükəsi - Hansı addımlar atılmalı?

Xəzərdə neft təhlükəsi - Hansı addımlar atılmalı?

Xəzər dənizinin Dübəndi çimərliyi və Pirallahı adası arasındakı akvatoriyasında qeydə alınan neft sızması həm ekoloji mütəxəssislərin, həm də ictimaiyyətin diqqət mərkəzindədir. İyunun 19-da "Azneft" İB-nin aidiyyəti xidmətlərinə daxil olan ilkin siqnallardan sonra helikopter və gəmilərin cəlb olunması ilə aparılan monitorinqlər ərazidə neft ləkəsinin formalaşdığını təsdiqləyib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən rəsmi açıqlamalara görə, ilkin mərhələdə sızma nöqtəsi vizual olaraq görünmədiyi üçün bir neçə ehtimal nəzərdən keçirilsə də, dərin diaqnostik yoxlamalar çirklənmə mənbəyinin sualtı boru kəmərlərindən biri olduğunu üzə çıxarıb. Şirkət rəsmiləri dərhal həmin xətt üzrə neftin nəqlini tamamilə dayandıraraq "Azneft" İB nəzdində operativ qərargah yaradıblar və dalğıc xidmətinin araşdırmaları nəticəsində kəmərdə mexaniki zədələnmə aşkarlanıb. İlkin qiymətləndirmələrə əsasən, bu texnogen nasazlığa kənar bir obyektin, böyük ehtimalla dəniz gəmilərindən birinin lövbərinin toxunması səbəb olub. Hazırda quyunun istismarı dayandırılaraq dənizə yeni tullantıların axmasının qarşısı tam alınıb, bərpa və akvatoriyanın təmizlənməsi prosesi isə Fövqəladə Hallar Nazirliyi ilə sıx koordinasiyalı şəkildə davam etdirilir. Baş vermiş bu gözlənilməz hadisənin dəniz faunasına, çimərlik mövsümünə təsirləri və təmizlənmə işlərinin müddəti ilə bağlı ekoloji baxışın ortaya qoyulması zərurəti yaranıb.

Məsələ ilə bağlı ekoloq Məhərrəm Mehdiyev NOCOMMENT.az-a bildirib ki, bu cür sualtı kəmər qəzaları dəniz ekosisteminə müəyyən dərəcədə təsir göstərsə də, operativ müdaxilə faciəvi nəticələrin qarşısını alıb: "Neftin dəniz suyuna sızması ilk növbədə suyun səthində nazik təbəqə yaradaraq oksigen mübadiləsini və günəş şüalarının dibə çökməsini məhdudlaşdırır. Bu da həmin lokallaşdırılmış zonada yaşayan planktonlar, balıq körpələri və bəzi su bitkiləri üçün çətinlik yaradır. Lakin SOCAR tərəfindən nəqlin operativ şəkildə kəsilməsi bədbəxtliyin miqyasını minimuma endirib. İnsidentin lokallaşdırılması və neft sızmasının mənbəyindəcə dərhal boğulması dəniz canlılarının kütləvi tələfatı riskini tamamilə aradan qaldırıb. Hazırda dəniz ekosisteminin gələcək bərpası üçün daxili potensial kifayət qədər yüksəkdir".

Onun sözlərinə görə, akvatoriyanın tam təmizlənməsi və çimərliklərin reabilitasiyası prosesi müəyyən vaxt aparacaq, lakin mövsüm üçün qorxulu bir vəziyyət yoxdur: "Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikası və sorbentləri vasitəsilə dəniz səthindəki ləkələrin yığılması, həmçinin sahil xəttinin təmizlənməsi işləri hava şəraitindən asılı olaraq təqribən bir neçə gün, maksimum bir-iki həftə çəkə bilər. Dübəndi çimərliyi ərazisində vətəndaşların təhlükəsizliyi məqsədilə monitorinqlər yekunlaşana və suyun tərkibi laboratoriya analizləri ilə tam təmizlənənə qədər müvəqqəti məhdudiyyətlərin tətbiq olunması normaldır. Qəza mexaniki və xarici təsirdən, yəni lövbər toxunmasından qaynaqlandığı üçün burada hər hansı sistemli səhlənkarlıqdan söhbət gedə bilməz. Cari durum nəzarət altındadır, təmizləmə işləri sürətlə aparılır və qısa müddətdə Dübəndidə dəniz suyunun keyfiyyəti əvvəlki ekoloji normativlərə qaytarılacaqdır".