Abbaszadənin açıqladığı qorxunc detal - Azərbaycan təhsilində nə baş verir?

Abbaszadənin açıqladığı qorxunc detal - Azərbaycan təhsilində nə baş verir?

Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci sayında dərc etdiyi son hesabat, ölkənin ümumi təhsil sistemindəki acınacaqlı vəziyyəti növbəti dəfə çılpaqlığı ilə ortaya qoyub. 2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının rəsmi təhlillərinə əsasən, ölkədə tam orta təhsil pilləsinə qədər gəlib çatmış, lakin elementar oxuyub-yazma bacarığı olmayan şagirdlərin mövcudluğu rəsmən təsdiqlənib.

Sənəddə imtahan verənlər arasında 6 nəfərin tamamilə savadsız olduğu, bu acınacaqlı statistikanın Gəncə, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər olmaqla qeydə alındığı bildirilir. Lakin qurumun özünün də hesabatda vurğuladığı kimi, imtahan rəhbərlərinin əksəriyyətinin bu rüsvayçı faktı rəsmi protokollara daxil etməkdən yayındığını nəzərə alsaq, real mənzərənin və kütləvi savadsızlığın miqyasının qat-qat böyük olduğunu ehtimal etmək çətin deyil. 9 il məktəbə gedən bir yeniyetmənin hərf tanımaması rəsmi qurumların illərdir yürütdüyü "təhsil islahatlarının" hansı nöqtədə iflas etdiyinin ən bariz göstəricisidir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Fuad Hacıyev qeyd edib ki, DİM-in açıqladığı bu rəqəmlər Elm və Təhsil Nazirliyinin uzun illərdir formalaşdırdığı yarıtmaz, mexaniki və hesabat xatirinə fəaliyyət göstərən sisteminin birbaşa nəticəsidir: "Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum sadəcə güzgü rolunu oynayır və acı həqiqəti göstərir. Təbii ki, rəqəmlər tamamilə realdır, hətta məsələnin görünən kiçik bir hissəsidir. Əsl faciə odur ki, bu gün məktəblərimizdə oxumağı-yazmağı funksional səviyyədə bacarmayan, yəni oxuduğu sadə mətni anlamayan, cümlə qura bilməyən minlərlə 9-cu sinif şagirdi var. 9 il ərzində bir uşağın oxuyub-yaza bilməməsini heç bir müəllim və ya valideyn amili ilə ört-basdır etmək olmaz. Bu, birbaşa Elm və Təhsil Nazirliyinin idarəetmə mexanizminin, orta məktəblərdəki daxili monitorinq sisteminin tamamilə iflic vəziyyətdə olmasının göstəricisidir. Nazirlik illərdir kurikulum bəhənəsi ilə proqramları qəlizləşdirdi, formallıq və bürokratiyanı artırdı, lakin ibtidai təhsildə keyfiyyətə nəzarəti tamamilə itirdi".

Ekspertin sözlərinə görə, nazirliyin yürütdüyü fəaliyyət fundamental problemləri həll etmək əvəzinə, rəqəmləri gizlətməyə və real islahat görüntüsü yaratmağa yönəlib: "Biz hər il nazirliyin bəzəkli hesabatlarını, müəllimlərin sertifikasiya imtahanları ilə bağlı keçirilən piar kampaniyalarını görürük. Amma nəticə göz qabağındadır; nazirliyin rəhbərliyi və tabeliyindəki regional idarələr məktəblərdə dərslərin necə keçirilməsinə, şagirdlərin elementar bilikləri mənimsəməsinə nəzarət edə bilmir. Bir şagird 1-ci sinifdən 9-cu sinfə qədər hərf tanımadan necə sinifdən-sinfə keçirilib? O məktəbin direktorunun, fənn müəllimlərinin indiyə qədər hansı məsuliyyətə cəlb olunduğu barədə nazirlik niyə bir açıqlama vermir? Çünki sistem kökündən xarabdır. Müəllimi kağız-kuğuz işləri ilə yükləyən, məktəbləri hesabat poliqonuna çevirən Elm və Təhsil Nazirliyi təhsilin əsas funksiyasını – savadlı vətəndaş yetişdirmək missiyasını unudub. Əgər bu yarıtmaz idarəetmə sistemi dərhal dəyişdirilməsə, yaxın illərdə imtahanlarda kütləvi şəkildə adını belə yaza bilməyən bütöv bir nəsil qarşımızda dayanacaq. Nazirlik artıq bəzəkli layihələri kənara qoyub, təhsilin fundamental bazasını niyə dağıtdığının hesabını verməlidir".