Ukrayna Rusiyanın bu şəhərini BOMBALAYIR - Bölgə alov içindədir FOTO/VİDEO

Ukrayna Rusiyanın bu şəhərini BOMBALAYIR - Bölgə alov içindədir FOTO/VİDEO

Bu gün günorta saatlarında Rusiyanın Voronej şəhərində güclü partlayışlar baş verib. İlkin məlumatlara görə, Ukrayna ordusu şəhərdə yerləşən "Voronej Yarımkeçirici Cihazlar Zavodu – Səyyarə" (VZPP-S) müəssisəsinə raket zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, zərbə nəticəsində zavodun dam örtüyü uçub və genişmiqyaslı yanğın başlayıb. Sosial şəbəkələrdə yayılan kadrlarda müəssisənin bir neçə nöqtəsindən göyə yüksələn qara tüstü sütunları əks olunub.

Sözügedən müəssisə Rusiyanın aparıcı mikroelektronika istehsalçılarından biri kimi strateji əhəmiyyət daşıyır. Zavodda istehsal olunan tranzistorlar, diodlar, inteqral mikrosxemlər və güc modulları "İsgəndər", "Kalibr" və X-101 raketlərinin, həmçinin "Pantsir-S1" zenit-raket sistemlərinin və S-400 hava hücumundan müdafiə komplekslərinin idarəetmə sistemlərində istifadə olunur.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev hadisəni təsdiqləyərək, regionda raket təhlükəsinin elan edildiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində istehsalat obyektlərinə ziyan dəyib və ilkin məlumatlara əsasən üç nəfər yaralanıb; onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Ekspertlər və mənbələr hücumun Böyük Britaniya istehsalı olan "Storm Shadow" qanadlı raketləri ilə həyata keçirildiyini ehtimal edirlər, lakin rəsmi qurumlar hələlik tətbiq olunan silah növü barədə dəqiq açıqlama verməyib.


Əli Səfərli,
NOCOMMENT.az