Yay fəslinin rəsmən başlamasına və iyun ayının son günlərinin yaşanmasına baxmayaraq, Azərbaycanın rayonlarında, xüsusilə dağlıq və dağətəyi bölgələrdə davam edən qeyri-sabit hava şəraiti, kəskin leysanlar, güclü sel və fəsadlar törədən dolu yağışları ictimaiyyətdə ciddi narahatlıq və suallar doğurur. Yay aylarında temperaturun kəskin yüksəlməsi əvəzinə atmosferdə müşahidə olunan bu anomal soyuq və rütubətli dalğalar təbii fəlakət risklərini artırmaqla yanaşı, infrastruktur, nəqliyyat və mülki təhlükəsizlik sahələrində də risk rıçaqlarını aktivləşdirib. Ekspertlər qeyd edirlər ki, regionda yağıntıların xarakterinin dəyişməsi və lokal xarakterli daşqınların intensivləşməsi daxili ekoloji balansın qorunması məsələsini yenidən gündəmə gətirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq Telman Zeynalov qeyd edib ki, may ayından bəri davam edən bu qeyri-adi hava şəraitinin kökündə qlobal iqlim dəyişiklikləri və regional atmosfer cəbhələrinin toqquşması dayanır: "Biz artıq neçə vaxtdır ki, planetar miqyasda baş verən iqlim disbalansının şahidiyik. Bu il iyun ayının sonu olmasına baxmayaraq, bölgələrimizdə hər gün yağış, leysan və dolunun qeydə alınmasının əsas səbəbi cənubdan gələn isti və rütubətli hava kütlələrinin şimaldan, xüsusən də Rusiya və Xəzər tərəfdən daxil olan soyuq atmosfer cəbhəsi ilə ölkəmizin üzərində kəskin şəkildə toqquşmasıdır. Temperatur fərqi çox böyük olanda dərhal güclü buxarlanma və bulud topalarının kütləvi formalaşması prosesi baş verir. Bu da öz növbəsində dağlıq rayonlarda dolu və lokal xarakterli dağıdıcı leysan yağışları ilə nəticələnir. Hazırda təbiətin təbii dövranında bir sürüşmə və anomaliya yaşanır ki, bu da birbaşa ekoloji tarazlığın pozulmasının bariz nümunəsidir".
Onun sözlərinə görə, bu davamlı anomal yağıntıların yaxın gələcəkdə ölkə iqtisadiyyatına, xüsusən aqrar sektora və infrastruktur sahələrinə vuracağı ziyanlar olduqca təhlükəli həddə çata bilər: "Yayın ortasında hər gün yağış və dolunun yağmasının fəsadları çox ağırdır. İlk növbədə, bu vəziyyət kənd təsərrüfatını, meyvə-tərəvəz bağlarını və taxıl sahələrini tamamilə məhv edir, fermerlərin aylarla çəkdiyi əziyyəti boşa çıxarır və daxili bazarda pərakəndə qiymətlərin bahalaşmasına zəmin yaradır. Digər tərəfdən, torpağın həddindən artıq rütubətlə doyması dağlıq zonalarda təhlükəli sürüşmə ocaqlarını aktivləşdirir, magistral yolları sıradan çıxarır və çaylarda sululuğun artması ilə qəfil sel fəlakətlərinə yol açır. Əgər regional suvarma və drenaj sistemləri bu cür intensiv yağıntılara qarşı vaxtında sığortalanmasa, kəndlərin, kommunikasiya xətlərinin və körpülərin yuyulması qaçılmaz olacaq. Biz təbiətin bu kəskin siqnallarına qarşı daha ciddi ekoloji monitorinqlər aparmalı və riskli bölgələrdə qoruyucu bəndlərin qurulmasını sürətləndirməliyik".
Tunar,











