"Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində baş verən son dəyişikliklər tərəflərin strateji hədəfləri və hərbi potensialı ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə Donetsk istiqamətində davam edən döyüşlər regionun gələcək təhlükəsizlik mənzərəsinə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, ayrı-ayrı yaşayış məntəqələri uğrunda gedən döyüşlər taktiki əhəmiyyət daşısa da, müharibənin ümumi gedişatını müəyyənləşdirən əsas faktor tərəflərin uzunmüddətli hərbi və iqtisadi resurslarıdır."
Donbas bölgəsində hərbi qarşıdurmanın pik həddə çatması fonunda tərəflərin qarşılıqlı raket və canlı qüvvə itkiləri cəbhədəki balansı hər an dəyişə biləcək kritik mərhələyə çatdırıb. Rusiyanın hücum intensivliyini artırmaq cəhdləri Ukraynanın müdafiə xətləri və strateji əks-həmlələri ilə qarşılaşır.
Müharibənin uzanması hər iki dövlətin daxili resurslarını tükətməkdə davam etsə də, rəsmi Moskva üçün cəbhədəki hər metrlik irəliləyişin iqtisadi və hərbi bədəli getdikcə daha ağır forma alır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya Donbasın tamamilə ələ keçirilməsi istiqamətində hərbi əməliyyatlarını genişləndirir və bununla cəbhə xəttində birtərəfli üstünlüyü ələ almağa çalışır: "Donbasın tam ələ keçirilməsi Rusiyanın bunu daxili və xarici auditoriyaya öz böyük qələbəsi kimi təqdim etməsinə imkan verəcək yeganə çıxış yoludur.
Amma düşünürəm ki, bu hədəf hələ müəyyən ciddi vaxt tələb edə bilər. Təbii ki, Rusiya bu istiqamətə şəxsi heyət və zirehli texnika baxımından kifayət qədər böyük hərbi qüvvə cəmləşdirib. Bununla belə, Kremlin bu böyük itkilər hesabına əldə edəcəyi hər hansı bir uğur yalnız Pirr qələbəsi xarakteri daşıya bilər. Yəni qazanılan nəticə itirilən nəhəng resursların qarşılığında Rusiyaya qat-qat baha başa gələcək və ordunu tamamilə taqətdən salacaq".
Onun sözlərinə görə, hazırda cəbhə xəttində döyüş əməliyyatları taktiki baxımdan nisbətən balanslı görünsə də, tərəflərin bir-birinin infrastrukturuna endirdiyi zərbələr müharibəni çıxılmaz nöqtəyə itələyir: "Hazırda həm Rusiya, həm də Ukrayna qarşı tərəfə dağıdıcı zərbələr endirir. Cəbhə xəttindəki birbaşa döyüşlərlə yanaşı, tərəflər bir-birlərinin strateji hərbi obyektlərini, logistik qovşaqlarını dərindən raket və dron zərbələri ilə hədəfə alırlar. Bu baxımdan vəziyyətin tam şəkildə və birdəfəlik hansısa tərəfin xeyrinə dəyişdiyini söyləmək hazırda çətin reallıqdır. Düşünmürəm ki, Rusiya hazırda cəbhə xəttində vəziyyətə tam nəzarəti və təşəbbüsü tamamilə ələ ala bilib. Düzdür, əvvəlki mərhələlərdə Rusiyanın arsenal və canlı qüvvə üstünlüyü daha qabarıq hiss olunurdu. Lakin Ukrayna ordusu son bir il ərzində Rusiyanın hücum dalğasını müəyyən dərəcədə dayandırmağa və cəbhəni stabilləşdirməyə nail olub. Hazırkı mərhələdə Ukrayna və Rusiyanın mövqelərini və hərbi potensialını ümumilikdə bir-birinə yaxın və bərabər hesab etmək olar".
Tunar,











