Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?

Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?

Yeni tikilən yaşayış binalarında parklanma yerlərinin sayı qanunvericiliklə müəyyən edilir. Bu tələblər həm nəqliyyat vasitələrinin nizamlı saxlanılması, həm də təcili tibbi yardım və yanğınsöndürmə avtomobillərinin maneəsiz hərəkətinin təmin olunmasına xidmət edir.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, yeni tikinti obyektlərində parklanma yerlərinin minimal sayına dair məcburi kvota müəyyənləşdirilib.

Qaydalara əsasən, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün ən azı bir parklanma yeri nəzərdə tutulmalıdır. Ümumi sahəsi 180 kvadratmetr və daha çox olan mənzillər üçün isə bu göstərici 1,3 yer təşkil edir.

Fərdi yaşayış evlərinin hər biri üçün də bir parklanma yeri ayrılması tələb olunur.

Qanunvericilikdə bəzi yaşayış məntəqələri üçün güzəştlər də nəzərdə tutulub. Əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində müəyyən edilmiş minimal parklanma sayının 50 faiz, əhalisi 50-100 min nəfər olan ərazilərdə isə 25 faiz azaldılmasına icazə verilir.

Bu məcburi kvota Abşeron rayonunun kəndləri istisna olmaqla, kənd yaşayış məntəqələrinə şamil edilmir.

Çoxmənzilli binalarda nəzərdə tutulan parklanma yerlərinin ən azı 50 faizi yeraltı olmalıdır.

Əgər tikinti obyektindən metro, tramvay, şəhərətrafı dəmir yolu stansiyası və ya nəqliyyat mübadilə mərkəzinə piyada məsafə 400 metrdən çox deyilsə, yaşayış binaları istisna olmaqla, parklanma yerlərinin sayının 30 faiz azaldılmasına yol verilə bilər.

Minik avtomobilləri üçün bir parklanma yerinin minimal ölçüsü isə 2,3 x 5 metr müəyyən edilib.

Elektrik avtomobilləri üçün də yer ayrılmalıdır

Parklanma yerlərinin ümumi sayı 50 və ya daha çox olan tikinti obyektlərində onların ən azı 5 faizində elektrik avtomobilləri üçün enerji doldurma qurğuları quraşdırılmalıdır.

Belə yerlərdə enerji dolduran elektrik avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin saxlanılmasına icazə verilmir.

Müxtəlif təyinatlı tikililər üçün də ayrıca parklanma normaları müəyyən edilib. Belə ki:

Dövlət orqanlarının binaları - hər 75 kvadratmetr ümumi sahəyə 1 yer;
Yerli özünüidarəetmə orqanlarının binaları - hər 100 kvadratmetr sahəyə 1 yer;
Məktəbəqədər təhsil müəssisələri - hər 300 kvadratmetr sahəyə 1 yer;
Xəstəxanalar və stasionar müəssisələr - hər 5 çarpayıya 1 yer;
Restoranlar - hər 50 kvadratmetr sahəyə 1 yer;
Dəmir yolu, avtomobil və su nəqliyyatı vağzalları, aerovağzallar və limanlar - hər 10 sərnişinə 1 yer;
Qəbiristanlıqlar - hər hektara 10 yer;
Bazar və topdansatış mərkəzləri - hər 100 kvadratmetr sahəyə 3 yer;
Şadlıq sarayları və mərasim zalları - hər 30 kvadratmetr sahəyə 1 yer;
Məscid, kilsə, sinaqoq və digər dini obyektlər - hər 100 kvadratmetr sahəyə 1 yer;
Stadion və tamaşaçı yerləri olan idman kompleksləri - hər 20 oturacağa 1 yer;
Çimərlik və parklarda - eyni vaxtda gələn hər 100 ziyarətçiyə 15 yer.

Bundan əlavə, hava limanı, dəniz limanı və dəmir yolu vağzallarında turist avtobusları üçün də ayrıca norma müəyyənləşdirilib. Pik saatlarda hər 100 turistə 3-4 avtobus yeri nəzərdə tutulmalıdır.

Qaydalar tikinti obyektinin təyinatının dəyişdirildiyi hallara da aiddir. Belə vəziyyətdə yeni təyinat üzrə tələb olunan minimal parklanma yeri sayı ayrıca müəyyən edilmiş normaya uyğunlaşdırılmalıdır.