Xəbər verdiyimiz kimi, bu günlərdə Bakı Qızlar Universitetinin akkreditasiyası ləğv edilib. Bu fonda ölkədəki digər ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) akkreditasiyadan keçib-keçməməsi ilə bağlı suallar və iddialar yaranmağa başlayıb.
Yayılan iddialarda akademiyanın cari ildə akkreditasiyadan keçmədiyi iddia olunurdu.
NOCOMMENT.az yaranmış suallara cavab olaraq DİA-nın məsələyə rəsmi münasibətini öyrənib. Qurumun açıqlamasında qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı müvafiq səlahiyyətlər qanunvericiliyə uyğun olaraq Elm və Təhsil Nazirliyinə həvalə edilib. Bu baxımdan, akkreditasiya prosesinin nəticələri və bununla bağlı rəsmi məlumatlar məhz həmin səlahiyyətli dövlət qurumu tərəfindən, hər bir ali təhsil müəssisəsi üzrə proses tam başa çatdıqdan sonra açıqlanır.
Bununla yanaşı, açıqlamada DİA-nın 2025–2026-cı tədris ilində də fəaliyyətini uğurla davam etdirdiyi vurğulanıb. Qeyd olunub ki, cari tədris ilində DİM tərəfindən keçirilən universitetlərə qəbul imtahanlarında bir sıra ixtisaslar üzrə ən yüksək nəticə göstərən abituriyentlərin məhz DİA-nı seçməsi ali məktəbə olan marağın və etimadın göstəricisidir.
Akademiyanın məzunları dövlət qulluğuna qəbul, “Yüksəliş” müsabiqəsi və Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə magistraturaya qəbul üzrə ölkə universitetləri arasında ilk sıralardadırlar, həmçinin müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan çoxsaylı şəxslər məhz bu təhsil ocağının məzunlarıdır.
Elmi və tədris fəaliyyəti sahəsində isə Ali Attestasiya Komissiyasının qərarı ilə siyasi elmlər üzrə doktorantura pilləsində dissertasiya müdafiəsi üzrə şuranın fəaliyyətinin yenidən DİA-ya həvalə edildiyi, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında yerli və xarici ölkələrin dövlət qulluqçuları üçün dövlət idarəçiliyinin innovativ istiqamətləri üzrə təlim proqramlarının həyata keçirildiyi diqqətə çatdırılıb.
Tunar,
NOCOMMENT.az











