Paytaxtın qədim və tarixi simvolu olan İçərişəhərdə qeydə alınan görüntülər sosial şəbəkələrdə haqlı narazılıq və kəskin etiraz doğurub.
NOCOMMENT.az xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən bu qoruq ərazisindəki qədim binaların və qala divarlarının müxtəlif yazılarla çirkləndirilməsi ictimaiyyətdə böyük hiddətə səbəb olub.
BakuTv hazırladığı süjetdə paytaxt sakinlərini və qonaqları narahat edən acınacaqlı mənzərəni ictimaiyyətə təqdim edib. Yayımlanan kadrlardan aydın görünür ki, tarixi daşlar üzərində müxtəlif adlar, tarixlər, sevgi etirafları və müxtəlif dilli əcnəbi yazılar qazılaraq abidələrə ciddi ziyan vurulub.
Ekspertlər, yerli sakinlər və ictimai fəallar qədim irsimizə qarşı edilən bu cür mədəniyyətsizliyin və vandalizm aktlarının yolverilməz olduğunu bildiriblər. Onlar tarixi abidələrin qorunması mexanizmlərinin gücləndirilməsini, bu cür neqativ hallara yol verən şəxslərin müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılmasını tələb edirlər.











