Yollarımız niyə qan gölünə dönüb? – Ağır qəzaların ŞOK SƏBƏBLƏRİ

Yollarımız niyə qan gölünə dönüb? – Ağır qəzaların ŞOK SƏBƏBLƏRİ

Son günlər respublika yollarında baş verən dəhşətli və ölümlü yol-nəqliyyat hadisələrinin sayı kəskin şəkildə artaraq cəmiyyətdə dərin sarsıntı və haqlı narahatlıq yaradıb.

Xüsusilə İsmayıllı və Salyan istiqamətlərində ard-arda baş verən iki ağır qəzada cəmi iki gün ərzində 7 nəfərin həlak olması vəziyyətin nə qədər kritik həddə çatdığını bir daha göz önünə sərir. Dövlət səviyyəsində tətbiq edilən cərimələrin sərtləşdirilməsinə, inzibati tənbeh tədbirlərinin gücləndirilməsinə və sürücülərin hüquqi məsuliyyətinin artırılmasına baxmayaraq, traгіk statistikanın səngiməməsi sual doğurur: sürücüləri çəkindirməli olan bu cəzalarmı işləmir, yox təhlükəsizlik sistemimizdə daha dərin köklü problemlər var?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə qeyd edib ki, cərimələrin nə qədər yüksək olmasından asılı olmayaraq, sürücü davranışlarında və yol infrastrukturu təhlükəsizliyində köklü dəyişikliklər edilmədikcə bu cür ağır qəzaların qarşısını almaq qeyri-mümkündür: "Biz illərdir yalnız cərimələrin məbləğini artırmaqla məşğuluq, lakin unuduruq ki, cəza yalnız sonrakı mərhələdə tətbiq edilən mexanizmdir, problemin kökünü isə aradan qaldırmır. İsmayıllı və Salyan kimi magistrallarda baş verən ölümlü qəzaların əsas səbəbi yüksək sürət həddi, ötmə qaydalarının kobud şəkildə pozulması və sürücülərin yorğun halda sükan arxasında əyləşməsidir. İnsanların cərimələrdən çəkinməməsi onu göstərir ki, cəzanın qaçılmazlığı prinsipi hələ də tam işləmir; sürücü bilir ki, qaydanı pozanda kameraya düşə bilər, amma qəza törətməzdən əvvəl onu dayandıracaq operativ yol nəzarəti mexanizmi zəifdir. Eyni zamanda, regionlararası yolların işıqlandırılması, maneə zolaqlarının mövcudluğu və yol nişanlarının standartlara cavab verməməsi də bu faciələrə birbaşa zəmin yaradır".

Onun sözlərinə görə, qəzaların sayını azaltmaq üçün təcili olaraq cəza siyasətindən maarifləndirməyə və texnoloji nəzarətin gücləndirilməsinə keçid edilməlidir: "Yollarda insan faktorunu minimuma endirmək üçün intellektual nəzarət kameralarının sayı artırılmalı, təhlükəli ötmə zonalarında xüsusi maneə sistemləri quraşdırılmalıdır. Bundan əlavə, sürücülük hüququnun verilməsi imtahanları daha sərtləşdirilməli, avtoxuliqanlıq edən və ya qaydaları sistematik pozan şəxslərin hüquqları qısa müddətə deyil, uzunmüddətli dövrə məhdudlaşdırılmalıdır. Əgər biz yalnız qəza baş verdikdən sonra yas saxlayıb müzakirələr aparacağıqsa, bu statistika dəyişməyəcək. Həm dövlət qurumları, həm də vətəndaşlar başa düşməlidir ki, avtomobil sürət mənbəyi deyil, potensial ölüm alətidir və ona qarşı məsuliyyət maksimum səviyyədə olmalıdır".

Tunar,
NOCOMMENT.az