Zərdabidən bu günə: Azərbaycan mətbuatının 151 illik şərəf və mübarizə yolu

Zərdabidən bu günə: Azərbaycan mətbuatının 151 illik şərəf və mübarizə yolu

Milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabinin işıq üzünə çıxardığı və Azərbaycan jurnalistikasının ilk qaranquşu olan "Əkinçi" qəzetindən başlayan şanlı yolumuz əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çıxır.

Hər il iyulun 22-də qeyd etdiyimiz Milli Mətbuat Günü təkcə bir peşə bayramı deyil, eyni zamanda xalqımızın azadlıq amallarının, milli oyanışının və ictimai fikir tarixinin səlnaməsidir. Tarixin müxtəlif mərhələlərində – çar Rusiyası dövründə, sovet rejiminin sərt senzura burulğanında və müstəqilliyimizin ilk illərində Azərbaycan ziyalıları, o cümlədən Nəsir İmanquliyev kimi görkəmli simalar mətbuatın saflığını qorumaq, xalqın milli şüurunu formalaşdırmaq üçün fədakarca çalışıblar.

XIX əsrin sonlarından başlayaraq XX əsrin əvvəllərinə qədər "Əkinçi"nin açdığı bu intibah yolu "Molla Nəsrəddin", "Füyuzat", "İrşad", "Açıq söz" və digər mətbu orqanlarla davam etdirilib. Həmin dövrlərdə milli mətbuatımız xalqın maarflənməsində, ana dilinin qorunmasında və milli azadlıq ideyalarının yayılmasında əvəzsiz rol oynayıb. Sovet ideologiyasının hökm sürdüyü illərdə belə, çətinliklərə baxmayaraq, Azərbaycan jurnalistikası öz milli ruhunu, ziyalı mövqeyini qoruyub saxlamağı bacarıb. Şirməmməd Hüseynov və Cahangir Məmmədli kimi ustadların akademik dərsləri, prinsipial mövqeyi bu zəngin tarixi irsin qorunmasına və bu gün də gənc nəsil üçün əsl peşəkar məktəbə çevrilməsinə xidmət edir. Bu tarixi irs göstərir ki, Azərbaycan jurnalistikası hər zaman cəmiyyətin avanqardı olub, ən ağır dönəmlərdə belə həqiqətin carçısı missiyasını şərəflə yerinə yetirib.

Tariximizin həlledici dövrlərində, xüsusilə ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan jurnalistikası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu öndər hər zaman mətbuata, söz azadlığına və ziyalılara xüsusi həssaslıqla yanaşıb. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa qayğısı sayəsində Azərbaycan mətbuatının üzərindən süni senzura ləğv olundu, medianın sərbəst fəaliyyət göstərməsi, hüquqi bazasının formalaşması və maddi-texniki təminatının yaxşılaşdırılması üçün tarixi addımlar atıldı. Ulu öndər jurnalistlərin sosial problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayır, onları cəmiyyətin aparıcı qüvvəsi və dövlətin etibarlı tərəfdaşı hesab edirdi. Bu uzaqgörən siyasət nəticəsində mətbuatımız qapalı sistemdən azad, müstəqil və demokratik cəmiyyətin tələblərinə cavab verən güclü bir instituta çevrildi. Bu gün həmin inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın dövlət tərəfindən dəstəklənməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli tədbirlər görülür. Dövlət başçısının hər zaman media nümayəndələrinə xüsusi diqqət göstərməsi, mətbuatın problemlərinin həllində təşəbbüskar olması dövlət-media münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərir. Bu qayğı qarşılığında medianın üzərinə düşən əsas vəzifə isə dövlətçilik maraqlarını hər şeydən uca tutmaq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq və ölkəmizin brendini, məhsullarını, mədəniyyətini hər hansı maddi maraq güdmədən, sırf Vətən sevgisi ilə təbliğ etməkdir. Jurnalistikanın cəmiyyət qarşısında ən başlıca tələbi qələmə hörmətlə yanaşmaq, obyektivliyi və milli maraqları hər şeydən üstün tutmaqdır.

Lakin müasir dövrün qlobal çağırışları və rəqəmsal transformasiyalar mətbuat qarşısında yeni vəzifələr, eyni zamanda təhlükələr qoyur. Bu gün sosial media platformaları ənənəvi jurnalistikanı üstələməyə, informasiya məkanını müxtəlif axınlarla doldurmağa çalışır. Xüsusilə son dövrlərdə "bloqer" adı altında fəaliyyət göstərən bəzi şəxslərin TikTok kimi platformalarda səthi danışıqlar, əxlaqsızlıq və milli-mənəvi dəyərlərə zidd olan məzmunlar yayaraq milyonlarla izləyici toplamağa çalışması cəmiyyətimiz üçün ciddi təhlükə mənbəyi idi. Sevindirici haldır ki, dövlətin hüquq-mühafizə orqanları tərəfindən vaxtında və qətiyyətli tədbirlər görülərək bu neqativ halların qarşısı qısa zamanda alındı. Kütləvi hal alan bu mənəviyyatsızlığa qarşı yalnız hüquq müstəvisində deyil, həm də peşəkar medianın sərt və prinsipial mövqeyi ilə mübarizə aparılmalıdır. Jurnalistika bu cür hallara körüklə getməməli, əksinə, sağlam cəmiyyətin qorunması üçün cəbhənin önündə olmalıdır.

Təəssüf ki, informasiya müharibəsinin şiddətləndiyi bir dövrdə xaricdən idarə olunan, Vətənə və xalqa qarşı xəyanət yolu tutan bəzi ünsürlər də məhz "bloqer" və ya "jurnalist" adı altında milli maraqlarımıza kölgə salmağa çalışırlar. Onlar peşəkar fəaliyyətlə əlaqəsi olmayan, tamamilə maliyyə maxinasiyaları və qaranlıq fondların çirkli pulları sayəsində özlərinə qazanc yeri açan, nəticədə qanun qarşısında cavab verən şəxslərdir. Xarici xidmət orqanlarının və xaricdəki fondların dəstəyi ilə daxildəki gənc və orta nəsil nümayəndələrini peşəkar jurnalistikadan kənarlaşdıraraq qara pulların yuyulması və maliyyə cinayətlərinə sövq edən şəbəkələr mövcuddur. Bu gün Azərbaycanda hüquq pozuntularına görə məsuliyyətə cəlb olunanların heç biri peşəkar jurnalist fəaliyyətinə görə deyil, Azərbaycan demokratik ölkə olduğundan, söz və fikir azadlığı tam təmin edildiyindən, məhz həmin xaricdən maliyyələşən agenturaların məkrli oyunlarına uyaraq törөtdikləri maliyyə cinayətlərinə və qanunsuz əməllərə görə cəza çəkirlər. Xaricdə oturub ölkəmizə qarşı qara PR kampaniyaları aparan, milli dəyərləri ayaqlar altına atan həmin ünsürlərə qarşı daxildəki sağlam qələm sahibləri kəskin, qərəzsiz və əsaslandırılmış arqumentlərlə cavab verməlidirlər. Jurnalisti həqiqi mənada ucaldan onun haqlı və kəskin qələmidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq köhnə dövrlər arxada qalıb, hər bir təxribata və əsassız iddiaya yerindəcə, tutarlı dəlillərlə cavab verilir və gələcəkdə də veriləcəkdir.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra da tamamilə yeni bir mərhələyə yüksəlib. Ölkə rəhbərinin, cənab Prezidentin xarici mətbuat üçün keçirdiyi, saatlarla fasiləsiz davam edən, dünya mediasına birbaşa açıq formada – qapalı deyil, tam şəffaf şəkildə sualları cavablandırıb müsahibələr verdiyi mətbuat konfransları göstərir ki, bu gün artıq Azərbaycan mediası və jurnalistikası tamamilə dünya gözündədir və qlobal informasiya məkanında əsas söz sahiblərindən birinə çevrilib.

Bütün bunlarla yanaşı, xalqımıza məxsus olan ali mənəvi keyfiyyətlər, xeyirxahlıq və böyüklük hər zaman özünü büruzə verir. Hətta Vətənə xəyanət edən, xaricdə Azərbaycanın adını ləkələməyə çalışan həmin ünsürlərə münasibətdə belə xalqımızın humanizmi və dövlətimizin ali rəhbərliyinin təmkinli mövqeyi diqqəti çəkir. Xarici səfərlər və ya təsadüfi görüşlər zamanı belə həmin şəxslərə qarşı sərgilənən insani yanaşma, "Allah islah etsin" deyərək bağışlamaq mədəniyyəti bizim mənəvi ucalığımızın göstəricisidir. Lakin bu o demək deyil ki, milli maraqlara və dövlətçiliyə uzanan əllər cavabsız qalacaq. Azərbaycan mediası hər zaman olduğu kimi, bu gün də dövlətinin və xalqının yanında qətiyyətlə dayanaraq, həm daxildəki inkişaf proseslərini işıqlandıracaq, həm də xaricdən gələn hər cür informasiya təxribatlarının qarşısını peşəkarlıqla alacaqdır. 151 illik şanlı tarixi olan milli mətbuatımız hər zaman həqiqətin, tərəqqinin və Vətənə sədaqətin sarsılmaz qalası olaraq qalacaqdır.

Əli Səfərli,

NOCOMMENT.az