2009-cu ildə Türkiyədə Böyük Birlik Partiyasının (BBP) qurucusu Muhsin Yazıçıoğlu və daha 5 nəfərin həlak olduğu helikopter qəzası ilə bağlı şok detallar üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Akın Gürlek “TRT Haber”in canlı yayımında deyib.
Nazir bildirib ki, Ankara Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin FETÖ tərəfindən təşkil edilən planlı bir qətl olduğuna dair çox ciddi şübhələr müəyyən edilib:
“Burada bir təşkilatlanmanın olduğu aydın görünür. Helikopter qəzaya uğramadan dərhal əvvəl üzərindən bir F-4 döyüş təyyarəsi keçib. Baş Prokurorluğumuzda helikopterin məhz bu F-4 təyyarəsinin keçidi səbəbindən düşdüyü qənaəti formalaşıb. Həmin F-4 təyyarəsini idarə edən pilotun həyat yoldaşının barmaq izi FETÖ-nün “hava qüvvələri imamı” Adil Öksüzün evində tapılıb. Həmçinin pilotun həmin dövrdə təşkilatın digər imamları ilə telefon əlaqələri üzə çıxıb”.
Xatırladaq ki, M. Yazıcıoğlunun olduğu helikopter 2009-cu ilin martında Kahramanmaraş vilayətində qəzaya uğrayıb. Partiya sədrinin və həlak olan digər beş nəfərin cəsədi hadisədən 48 saat sonra tapılmışdı. 17 il sonra yenidən başladılan istintaq nəticəsində isə artıq 19 nəfər saxlanılıb.(qafqainfo)
Fotoda: Muhsin Yazıcıoğlu










