Venesuelanın şimalında 7,5 maqnitudada zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
ABŞ Geoloji Xidməti isə bildirib ki, çərşənbə günü Karakasdan təxminən 284 km qərbdə yerləşən San Felipe yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib. Bundan dərhal sonra paytaxtdan təxminən 293 km qərbdə yerləşən Yumare yaxınlığında isə 7,5 bal gücündə zəlzələ olub.
Hadisədən sonra ölkədə dağıntılar qeydə alınıb, sunami təhlükəsi elan olunub və fövqəladə vəziyyət tətbiq edilib. Karakasın Mayketiya Beynəlxalq Hava Limanı dəyən ziyana görə bağlanıb.
ABŞ Geoloji Xidməti (USGS) baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayının 10 mindən 100 minə qədər ola biləcəyini açıqlayıb. Qurumun qiymətləndirməsinə əsasən, insan tələfatının bu aralıqda olması ehtimalı 44 faiz təşkil edir. Ölənlərin sayının 100 mini keçməsi ehtimalı isə 30 faiz olaraq qiymətləndirilir./publika












