Venesuelanın paytaxtı Karakas yaxınlığında baş vermiş iki güclü zəlzələ ölkəni sarsıdıb. Maqnitudası 7,2 və 7,5 bal olan yeraltı təkanlar nəticəsində ilkin məlumatlara görə, 32 nəfər həyatını itirib, 700-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
NOCOMMENT.az xəbər verir ki, təbii fəlakət nəticəsində çoxsaylı binalar dağılıb, nəqliyyat və hava limanlarının fəaliyyəti tamamilə dayandırılıb. Ölkədə fövqəladə vəziyyət elan edilib, xilasedicilər dağıntılar altında qalan sağ qalanları tapmaq üçün gərgin iş rejimində çalışırlar. Təkanların güclü olduğu bir vaxtda hətta ölkədə keçirilən beysbol matçı da yarımçıq saxlanılıb. Zəlzələdən sonra bölgədə 20-dən çox afterşok (təkrar təkanlar) qeydə alınıb. İlkin olaraq verilən sunami xəbərdarlığı sonradan ləğv edilsə də, rəsmilər dağıntıların miqyasına görə ölənlərin sayının daha da arta biləcəyini proqnozlaşdırırlar. Fəlakətin ağır nəticələrini aradan qaldırmaq üçün beynəlxalq aləm səfərbər olub; ABŞ, Braziliya, Ekvador, Salvador, Türkiyə və Argentina kimi dövlətlər Venesuelaya humanitar və texniki yardım göstərməyə hazır olduqlarını bəyan ediblər.
Sara,
NOCOMMENT.az












