Bakıda müştərinin aldığı “iPhone 17 Pro” markalı telefon ona problem yaradıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya S.Məmmədova adlı vətəndaş müraciət edib.
Onun sözlərinə görə, təxminən 6 aydır işlətdiyi telefonun korpusu rəngini dəyişməyə başlayıb. Vətəndaş bildirib ki, “iPhone”un trend olan narıncı rəngindən alıb, amma bir müddət sonra heç bir kənar müdaxilə və ya təsir olmadan həmin narıncı çəhrayı tona keçməyə başlayıb: “Cari ilin dekabr ayında “Baku Electonics”in Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki filialından telefon aldım. Ən çox sevdiyim isə yeni çıxan narıncı rəngi idi. Lakin bir neçə ay sonra fərqinə vardım ki, narıncı rəng çəhrayıya çevrilir...”
S.Məmmədova bunu görən kimi satıcı şirkətə müraciət edib: “Onlara bunu bildirdikdə dedilər ki, “Apple”ın problemidir. Gülməli haldır ki, biz məhz bu telefonların rənginə görə artıq ödəniş edirik. Rənglərə görə qiymət də dəyişir. Bəs, niyə o zaman belə bir problem yaranır?”
Şikayətçi əlavə edib ki, zaman keçdikcə telefonun bütün korpusunun rəngini dəyişəcəyindən və görüntünün daha qeyri-estetik olacağından da narahatdır.












