Ankarada ŞOK - NATO sammiti öncəsi hücum etmək istədi - FOTO

Ankarada ŞOK - NATO sammiti öncəsi hücum etmək istədi - FOTO

Türkiyə təhlükəsizlik qüvvələri iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı zorakılıq aksiyası planlaşdıran İŞİD terror qruplaşmasının üzvünü zərərsizləşdirib.

NOCOMMENT.az xəbər verir ki, aparılan antiterror əməliyyatı çərçivəsində polis sosial şəbəkələr vasitəsilə terror aktı üçün təlimatlar verən şəxsin izinə düşüb. İyunun 23-də Ankara vilayətinin Haymana rayonunda şübhəlinin gizləndiyi ünvana keçirilən reyd zamanı silahlı atışma baş verib.

Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən terrorçu açılan cavab atəşi nəticəsində yaralanıb və xəstəxanaya çatdırılarkən yolda keçinib. Əməliyyat zamanı onunla birlikdə olan və İŞİD-lə əlaqədə şübhəli bilinən həyat yoldaşı da yaralanaraq ələ keçirilib.

Xatırladaq ki, NATO sammiti ilə əlaqədar Türkiyədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Sammitdən öncə Ankara prokurorluğu tərəfindən ümumilikdə 241 nəfər barəsində həbs qərarı çıxarılıb və keçirilən genişmiqyaslı reydlər nəticəsində 200-dən çox şübhəli şəxs saxlanılıb. Saxlanılanlar arasında İŞİD-lə yanaşı, müxtəlif qeyri-qanuni ifrat solçu qruplaşmaların üzvləri də var. Hakimiyyət orqanları sammit zamanı ictimai asayişi qorumaq üçün iyunun 28-dən iyulun 10-dək bütün nümayiş və kütləvi tədbirlərə qadağa qoyub.

Əli Səfərli,
NOCOMMENT.az