Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində eyni gündə 5 maqnitudalı iki zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Çinin Seysmoloji Şəbəkələr Mərkəzi (CENC) və Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 06:12-də İbin şəhərinin Qao (Gaoxian) qəzasında baş verib. Yeraltı təkanların episentri 28,52 dərəcə şimal enliyi və 104,68 dərəcə şərq uzunluğunda, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Bir neçə saat sonra, saat 10:08-də eyni ərazidə daha bir 5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu dəfə zəlzələnin ocağı 6 kilometr dərinlikdə olub. Yerli sakinlər ikinci zəlzələnin daha güclü hiss edildiyini, ardınca isə bir neçə afterşok baş verdiyini bildiriblər.
İlkin məlumata əsasən, genişmiqyaslı dağıntılar qeydə alınmayıb. Hazırda bölgədə vəziyyət qiymətləndirilir. Rəsmi məlumata görə, ilk zəlzələdən sonra iki nəfər yüngül xəsarət alıb və onlara tibbi yardım göstərilib.










