Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında qlobal hüquq tarixinin yeni səhifəsi açılır. Əbu-Dabi Məhkəmə Departamenti qarşıdakı sentyabr ayından etibarən tamamilə rəqəmsallaşdırılmış və süni intellekt əsasında qurulan yenilikçi məhkəmə platformasını işə salmağa hazırlaşır.
Hazırlanan 18 aylıq genişmiqyaslı sınaq proqramı çərçivəsində rəqəmsal intellekt məhkəməyə daxil olan müraciətlərin dərindən təhlili, sənədlərin ekspertizası, mürəkkəb hüquqi araşdırmalar və analoji məhkəmə presedentlərinin müqayisəli analizi kimi vacib funksiyaları öz üzərinə götürəcək.
NOCOMMENT.az xəbər verir ki, layihənin hüquqi təhlükəsizlik və obyektivlik baxımından ən önəmli detallarından biri odur ki, yekun hökmün və ya qərarın çıxarılması səlahiyyəti tam şəkildə insan hakimlərə məxsus olaraq qalacaq. Süni intellekt isə ədalət mühakiməsinin həyata keçirilməsini asanlaşdırmaq üçün hakimlərə zəruri analitik hesabatlar, hüquqi əsaslandırma variantları və peşəkar tövsiyələr paketi təqdim edəcək.
Mütəxəssislərin fikrincə, bu islahatın əsas məqsədləri məhkəmə çəkişmələrinin vaxtına qənaət etmək, oxşar hüquqi işlərdə qərarların qəbulu zamanı vahid və ardıcıl yanaşmanı təmin etmək, eləcə də hakimlərin gündəlik ağır iş yükünü minimuma endirməkdir.
Ekspertlər hesab edirlər ki, əgər bu pilot təşəbbüslər gözlənilən müsbət nəticələri verərsə, yaxın gələcəkdə yalnız ədliyyə sahəsində deyil, bütövlükdə dövlət idarəçiliyi mexanizmində süni intellekt texnologiyalarının tətbiqi üçün yeni bir era başlaya bilər.
Sara,
NOCOMMENT.az











