Keçmiş “Mossad” rəhbəri Yossi Cohen özünün son kitabında İsrailin İrana qarşı həyata keçirdiyi xüsusi əməliyyatlar barədə sensasion detallar açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Cohen “Azadlıq Qılıncı: İsrail, ‘Mossad’ və gizli müharibə”dir adlı kitabında qeyd edir ki, İsrail kəşfiyyatının İslam Respublikasına aktiv nüfuzu 2000-ci illərin əvvəllərindən başlayıb.
Sada News agentliyinin yayımladığı fraqmentlərdə bildirilir ki, o dövrdə İsrail Pakistan və Şimali Koreyanın Tehranı nüvə silahının hazırlanması sahəsində məlumatlandırdığını öyrənib. Bu məlumat əsasında “Mossad”ın o zamankı rəhbəri Meir Dagan İranın nüvə proqramını və ballistik raket layihələrini aşkarlamaq və neytrallaşdırmaq üçün yeni bölmə yaradıb.
Cohen bildirir ki, yeni bölmə İranda “Hizbullah”, HƏMAS və “İslam Cihadı” kimi təşkilatlara dəstəyin mövcud olduğunu aşkarlayıb.
İlk addım olaraq “Hizbullah” mərkəzlərinə və İrana elektron izləmə vasitələri yerləşdirilib və kiberhücumlar həyata keçirilib. Bölmə bir sıra hərbi rəhbər və nüvə alimlərini izləyərək hər birinin gündəlik vərdişləri və hərəkət qrafiki ilə bağlı ətraflı dosye hazırlayıb.
Cohen, əməliyyatın arxitektoru olaraq, bir neçə dəfə İran və “Hizbullah”a zərbə endirilməsini təklif edib, lakin İsrail generalları buna qarşı çıxıb. Baş nazir Benjamin Netanyahu generallarla razılaşaraq hücumun İsrail şəhərlərində qarşılıqlı zərbələrə və dağıntılara səbəb ola biləcəyini bildirib.

Cohen Qasım Suleymaninin öldürülməsi əməliyyatı üçün ətraflı plan hazırladığını və kəşfiyyat rəhbərlərinin bunu təsdiqlədiyini qeyd edir. Plan yalnız baş qərargah rəisi Aviv Kohavi tərəfindən rədd edilib, lakin Netanyahu sonunda Cohenin təşəbbüsünü dəstəkləyib və əməliyyat detalları barədə ABŞ tərəfini məlumatlandırmağı tapşırıb.
Kitaba görə, əməliyyatdan sonra İran 12 günlük müharibə zamanı Tel-Əvivdə Cohenin evinə raket zərbəsi endirib. Cohen əlavə edib ki, müharibə nəticəsində İranın hava hücumundan müdafiə sistemləri məhv edilib, uran zənginləşdirmə reaktorları və xüsusi qurğular sıradan çıxarılıb.
Lakin Cohen hələ də sual edir ki, niyə Tel-Əvivdə və ya Vaşinqtonda “molla rejimini” devirmək barədə qərar hələ də qəbul edilməyib. O, son müharibədə İran rejiminin neytrallaşdırılması imkanının əldən verildiyini qısa şəkildə qeyd edir.












