Türkiyənin Antalya şəhərində keçmiş həyat yoldaşı Hanım Biçeri qətlə yetirməkdə ittiham olunan Hızır Çelik barəsində məhkəmə prosesi başlayıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə 11 sentyabr 2025-ci ildə Muratpaşa rayonunda yerləşən evdə baş verib.
Mübahisə zamanı Çelikin keçmiş həyat yoldaşını şarfla boğduğu, daha sonra üzünü yastıqla örtdüyü bildirilib. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində hadisənin planlaşdırılmadığını iddia edərək, “O anda özümü saxlaya bilmədim, görmə qabiliyyətim bulanıq idi” deyib.
Çelik bildirib ki, qadının üzünü görməmək üçün yastıqla örtdüyünü və bir müddət sonra onun hərəkətsiz uzandığını görərək öldüyünü anladığını düşünür. O, həmçinin hadisədən sonra zərərçəkmişin mobil telefonunu götürdüyünü, kilidini aça bilmədiyi üçün sındıraraq çaya atdığını etiraf edib.
Təqsirləndirilən şəxs ifadəsində hadisədən sonra intihar etməyi düşündüyünü, lakin ailəsinin təkidi ilə polisə gedərək təslim olduğunu da qeyd edib.
Zərərçəkmişin ailəsi isə qətlin əvvəlcədən planlaşdırıldığını iddia edir. Məhkəmədə çıxış edən qardaşı, təqsirləndirilən şəxsin əvvəllər də qadını izlədiyini və təhdid etdiyini bildirib.
Prokurorluq Çelikin “qadına və boşanmış həyat yoldaşına qarşı qəsdən adam öldürmə” və “oğurluq” maddələri ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini tələb edir.
İşə baxan məhkəmə materiallardakı çatışmazlıqların aradan qaldırılması üçün iclası növbəti tarixə təxirə salıb.\\musavat.com











